Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilən Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Maliyyə İdarəsinin zabiti Vüsal Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan məhkəmə prosesində bir neçə hərbi hissənin maliyyə bölmələrinin rəisləri dindirilib. 

Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general- mayor Namiq Poladovun yaxın adamı olan şahid Anar Məmmədov bir neçə hərbi hissədə işlədiyini bildirib:

"161 min ziyan yazılıb mənə, həmin ziyanın ödənilməsi üçün çalışıram və yaxın müddətdə ödəyəcəyəm. Həmin vaxt qazandığımız pulun 50 faizini yuxarı, yəni Cəlal Kazımova verirdik". 

Bu zaman prosesə sədrlik edən hakim Fikrət Əliyev bildirib ki, dövlət büdcəsinə vurulmuş ziyan ödəniləndə yüngüllləşdirici hallar tətbiq edilir, cinayət işinə xitam da verilir. 

Təqsirləndirilən şəxs Cəlal Kazımov şahidin ifadəsindən sonra onun hərbi hissəsini yoxlamaq mümkün olmadığını bildirdi:

“Mən həmin hərbi hissədə yoxlamada olana kimi o hərbi hissəni heç kim yoxlamırdı, çünki Namiq Poladovun yaxın adamı sayılırdı. Mən hərbi hissədə 330 min yeyinti aşkar etdim, dərhal Rafael Xələfova məruzə etdim, qərarı o qəbul etməli idi. Anar Məmmədov yalvardı, mənə elə bir təklif etdi ki, işlədiyim 30 il müddətində mənə belə təklif edən olmamışdı. Söz verdi ki, bağımı satıb vurduğum ziyanı ödəyəcəyəm. Bundan sonra mənə Elxan İbrahimov zəng etdi, başım çox ağrıdı. Cəmi 30 min manat ödədi”.

Bu zaman hakim Cəlal Kazımova pulu kimin götürdüyü ilə bağlı sual ünvanladı. Cəlal Kazımov həmin pulu özünün xərclədiyini bildirdi. 

General Nizami Məmmədov isə Anar Məmmədovu ümumiyyətlə tanımadığını qeyd etdi:” Mən belə adam tanımıram. Dövlətə ödənişi varsa ödəsin”.

Sonra digər şahid Emin Əhmədov ifadə verdi. O bildirdi ki, baş mühasib vəzifəsində çalışıb:

"Yoxlama aparıldı, yeyintilər aşkar edildi, razılaşdım, həmin yoxlama ilə. Qazandığımız məbləğin 70 faizini Rövşən Əliyevə, Süleyman Abbasova verirdim, qalan 30 faiz bizə qalırdı. Qaydalar da 2014-cü ildən Namiq Poladovun vaxtından qoyulmuşdu. Sifarişləri artıq yazırdıq, hərənin öz maaşı var idi. Mənim 108 min dövlət büdcəsindən mənimsəməm var, bu gün 30 minini ödəmişəm, çekini də gətirmişəm”.

Bundan sonra hakim bildirdi ki, həmin çekləri Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim etsin, qalan ziyanı da məhkəmə istintaqı bitənə kimi ödəsin. Hökm çıxan zaman bu nəzərə alınacaq. 

Növbəti məhkəmə prosesi fevral ayının 2-nə kimi təxirə salındı. 

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Azər İsrafilov