Qarabağ Regional Təhsil İdarəsinin keçmiş mühasibi barədə cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

"Unikal"ın məlumatına görə, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə həbs edilən Böyükkişi Abbasovun məhkəmə prosesi fevral ayının 6-da Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mİkayıl Məmmədzadənin sədrliyi ilə keçiriləcək. 
Xatırladaq ki, 2023-cü ilin may ayında Qarabağ Regional Təhsil İdarəsinin mühasibi Böyükkişi Abbasovun qanunsuz əməlləri barədə Bərdə rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı Böyükkişi Abbasovun Bərdə rayonunda yerləşən orta məktəblərin əmək müqaviləsinə xitam verilən, habelə hazırda çalışan işçilərin adına qanunsuz olaraq rəsmiləşdirdiyi ödənişləri özünə məxsus bank kartına köçürməsinə və bununla da, ümumilikdə 114 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Azər İsrafilov