Qarşıdakı 7 fevral 2024-cü il prezident seçkilərində hazırkı prezident İlham Əliyevin namizədliyi irəli sürülüb.

Düşünülmüş daxili və xarici siyasəti ilə Azərbaycanı regionun ən inkişaf etmiş ölkəsinə çevirən, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən  İlham Əliyev mürəkkəb geosiyasi şəraitdə müstəqil siyasət həyata keçirir. Ölkənin iqtisadi sisteminin təkmilləşdirilməsi, neft strategiyasında düzgün islahatların aparılması, regional təhlükəsizliyin təmin olunması istiqamətində atılan addımlar ardıcıl və sistemlidir. Regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları da cənab İlham Əliyevin Cənubi Qafqazda sabitliyi qorumaq üçün apardığı islahatların bir parçasıdır. Məhz bu sabitlik fonunda istər təhsil, istər iqtisadiyyat, istər enerji, neft və bu kimi sahələrdə uğurlu siyasət yürüdülür.

Təhsil siyasəti hər bir ölkənin strateji hədəflərində ön sıralarda dayanır. Cənab İlham Əliyevin məqsədyönlü siyasəti əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərini şərtləndirib. Nəticədə Azərbaycanda milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi, inkişafı işinə mühüm töhfələr verir. Məhz bu dövrdə ali təhsil müəssisələrinin şəbəkəsi daha da artırılmış, onların sayı 2003-cü ildəki 46-dan hazırda 51-ə, təhsilalanların sayı isə 120 mindən 171 minə qaldırılıb.

Azərbaycanda ən müasir tələblərə cavab verən ADA Universiteti, Bakı Ali Neft Məktəbi, eləcə də M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti kimi qocaman ali məktəblərin Bakı filialları, Azərbaycan-Fransız Universiteti (UFAZ) yaradılıb. Azərbaycan Respublikası vətəndaşları xaricə getmədən aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində təhsil ala bilirlər. 2011-2021-ci illərdə Azərbaycanda təhsilin genişspektrli inkişafı üzrə Milli Strategiyanın hazırlanması, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiqi təhsil sahəsində aparılan islahatlardandır.

Ulu Öndərin Azərbaycan dilinə olan həssasiyyətini cənab İlham Əliyev siyasətində də hiss etmək mümkündür. 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, 1 noyabr 2018 -ci ltarixli fərmanı ilə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı həmin islahatlar sırasındadır.

Cənab İlham Əliyevin ən böyük uğurlarından biri isə, təbii ki, 30 il işğal altında olan torpaqları ali baş komandan kimi azad etməyidir.  Dünya hərb məktəblərinin dərsliklərinə salınacaq plan ilə  44 gün ərzində Qarabağ işğaldan azad olmuş, qısa müddət ərzində həmin torpaqlarda abadlaşdırma işləri aparılmış, əhalinin bir qismi öz dədə-baba torpaqlarına qayıtmışdır. Bu əbədi və əzəli qələbə cənab İlham Əliyevi xalqın qalibi etmişdir. Xalq hər zaman İlham Əliyevi arxa bilib arxasında da durmağı bacarır. Azərbaycanın gələcəyini əmin əllərə etibar etmək lazımdır. 

Aybəniz Hüseynova

Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan dili” kafedrasının dosenti