Ermənistanda bundan sonra 18 yaşına çatmış qızlar könüllü olaraq ordu sıralarında xidmət edəcəklər. Bununla bağlı qərar yanvarın 1-dən qüvvəyə minib. Bu günlərdə adıçəkilən ölkənin mətbutı Milena Yenokyan adlı qadının hərbi xidmətə başlaması ilə bağlı məlumat yayıb. 

Bəs görəsən, Ermənistan ordusuna qadınların cəlb edilməsində məqsəd nədir?

Hərbi ekspert Ədalət Verdiyev "Unikal"a açıqlamasında bildirib ki, Vətən müharibəsində, ondan sonra baş verən hərbi əməliyyat və antiterror tədbirləri zamanı Ermənistan ordusu 5 mindən çox şəxsi heyət itkisinə məruz qalıb, 13 minə yaxın heyət isə yaralanıb. Onun sözlərinə görə, 11 mini Ermənistanda, 10 mini isə Qarabağda olan fərariləri də bunun üzərinə əlavə edəndə, 40 minə yaxın rəqəm edir:

"Darmadağın edilmiş erməni silahlı birləşmələri mənəvi-psixoloji ruh düşkünlüyünə məruz qalıb və bu səbəbdən Ermənistan ordusunda xidmət ertmək istəyənlərin sayı xeyli azalıb. Ermənistan ordusunun hazırda tarixi torpaqlarımızda yerləşən döyüş mövqeləri də əlverişsizdir. Bu da orduda xidmət etmək istəməyənlərin sayını artırır. Buna görə Ermənistanın hərbi-siyasi rəhbərliyi qadınları orduya cəlb etmək və onların vasitəsilə hərbi xidmətin nüfuzunu artırmaq istəyir. Müharibəyə qədər də Ermənistan ordusunda 2000 nəfərə yaxın qadın xidmət edirdi. Sadəcə Ermənistan hakimiyyəti bunu yeni kampaniya kimi təqdim edir. Bunun vasitəsilə Ermənistan gəncliyinə mesaj vermək istəyirlər ki, ağır dövrdə qadınlar belə torpağı qorumağa hazırdır. Onlar bu vəzifəni yerinə yetirirsə, erməni gənci olaraq ordudan yayınmaq yanlışdır fikrini əhaliyə çatdırmağa çalışırlar".

Ekspert qeyd edib ki, bu tədbirlər döyülmüş, əzilmiş, alçaldılmış Ermənistan ordusunun psixoloji vəziyyətini bərpa etməyə imkan verməyəcək: "Erməniitan elə sarsıdıcı zərbələr alıb ki, onun bərpası üçün bir neçə beş illik lazımdır".

Anar Kəlbiyev