Cənab Prezident İlham Əliyevin adı çəkilən zaman onun siyasi və şəxsi portreti dərhal gözümüzün önündə məğrur duruşu, dərin zəkası, humanist siyasəti, xalqının milli maraqlarını Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları və idealları üzərində realizə etməsi ilə canlanır. Məhz ulu öndərimizin qayələrini gələcək nəsillərə düzgün siyasət yürütməklə nümunəvi, əyani formada ötürülməsi şübhəsiz ki, onun uğurlu fəaliyyətinin, ata xeyir-duasının mərkəzində dayanır.

Cənab Prezident İlham Əliyevin alternativi yoxdur. Bu, sadəcə sadə narrativ, nəzəri sözlər deyil, empirik əməllərdə də sübuta yetirilmiş məsələdir. Xalq da məhz sözünün imzası qədər dəyəri olan Liderini sonsuz, tam, bütöv şəkildə dəstəkləyir. 30 illik işğala son qoyan, xalqımızı, boynu büküklükdən, yarımçıqlıqdan xilas edən cənab İlham Əliyev hər bir ailənin, ocağın arzuolunan qonağıdır. Cənab İlham Əliyevin qüdrəti xalqın sipəridirsə, xalqın onun ətrafında sipər olması da Müzəffər Ali Baş Komandanın qüdrətidir. 7 fevralda keçiriləcək Prezident seçkilərində xalqımız Qalib xalqın Qalib Liderinə səs verəcək. Günümüzün reallığı budur. Lakin bu gündən 20 il öncəyə də boylanmağa dəyər.

Azərbaycan heç vaxt bu qədər güclü və ya rəqib olmamışdır. Bu gün Azərbaycan dünyada gedən proseslərdə yalnız iştirakçı və ya müşahidəçi aktor deyil, həm də yeni dünya nizamının istehsalçısıdır. Cənab Prezident İlham Əliyev ictimai xidmət dəyərlərinə, tərəfdaşlığa və ictimai maraqlar nəzərə alınmaqla liderliyə əsaslanan siyasətinə görə “etibar və liderlik” strategiyası piramidasının ən üst mərtəbəsində mövqe tutur.

Dövlət idarəçiliyində, ali məqsədlərə gedən yolda ordu hökumətin siyasətinə cavab verməli və effektivliyini qorumalıdır. Müdafiə islahatı isə hökuməti, ordunu və xalqı düşünməlidir. Müsbət davranış modeli, mədəni münasibət və dəyişiklik təhlükəsizlik qüvvələri ilə onların qoruduğu əhali arasında əlaqələri yaxşılaşdırmalıdır. Xalq və ordu arasında inam, birlik yalnız bu halda yarana bilər. Cənab İlham Əliyev Müzəffər Ali Baş Komandan statusuna Şanlı Zəfəri, məhz bu birliyi təmin edərək nail oldu.

Dövlət başçımız üçün hakimiyyətə gəldiyi ilk gündən müxtəlif təzyiqlərə baxmayaraq qısa və uzun müddət ərzində ölkənin üzləşdiyi təhlükələri, riskləri və çağırışları müəyyən etmək ilkin prioritet idi ki, bu istiqamətdə strateji yol xəritəsi quruldu. Müdafiə sektoru ilə digər təhlükəsizlik təminatçıları, eləcə də müdafiəyə nəzarət və idarəetmə institutları arasında münasibətləri yenidən nəzərdən keçirdi. Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin yenidən strukturlaşdırılaraq yaradılması Qələbəmizdən sonrakı dövrdə bizə qarşı qurulan diplomatik tələlərin, cəmiyyətimizi içindən sarsıtmağa, dövlətə inamı laxlatmağa çalışan qüvvələrin qarşısında sipər oldu. Bir daha sübut olundu ki, güclü və qüdrətli təhlükəsizlik sistemimiz dövlətimizin onurğa sütunudur.

 Silahlı qüvvələr xarici təhlükələrə qarşı milli müdafiə məqsədi ilə dövlət tərəfindən yaradılmış qurumlardır. Hərbi islahatlar ölkənin böyük dövlət ambisiyalarının əsasını təşkil edir. Xüsusilə də ərazisi işğal olunmuş, əhalisi isə çadır şəhərciklərinə möhtac qalmış bir dövlət üçün bu əsas qayə, o dövlətin Liderinin gözlərindən oxunan hislər isə reallığımızı yaratmaqda yaddaş kitabçamız idi. Müasir silahlı qüvvələr yaratmaq ambisiyası da siyasi əzmkarlıqdan irəli gəlir. Azərbaycan Lideri dəfələrlə çıxışlarında bunu bildirib ki, hədəfimizə çatmaq üçün ilkin olaraq güclü ordu formalaşdırmalı idik. Məlum məsələdir ki, hər bir islahat həyata keçirilərkən ordudakı ənənəvi kəsimin müqaviməti, siyasi qətiyyətin olmaması və kifayət qədər maliyyə çatışmazlığı səbəbi kimi müxtəlif amillərdən qaynaqlanaraq bu, uğursuzluqla da nəticələnə bilər. Həqiqi islahatlar, yeni, hərtərəfli təhdidlərə cavab vermək üçün tam restrukturizasiya və yenidən təşkilatlanma önəmlidir. Silahlı qüvvələr və müdafiə institutları üçün prioritetlər, fəaliyyət planları və islahat proqramlarının həyata keçirilməsinə cavab verən büdcə formalaşdırılmalı idi. Azərbaycanın ənənəvi neft, daha sonra isə qeyri-neft sektorunun inkişafı nəticəsində artan gəlirlərinin orduya yönləndirilməsi, beynəlxalq miqyasda təşkil edilən mədəni, humanitar tədbirlərlə dünyaya tanıdılmağımız, müsbət imicimizin yaradılması hərtərəfli konsepsiyanın detalları idi. 

Təşkilati struktur, kadrlar və silahların təkmilləşdirilməsi kimi üç əsas sahəyə diqqət yetirilməklə silahlı qüvvələr modernləşdirildi. Bunlar olmasa idi Azərbaycan müharibədə üstün şərtlərlə vuruşa bilməz, həm də potensial və asimmetrik konfliktlərə sürükləməyə çalışan qüvvələrə göz dağı verə bilməzdi. Azərbaycan illər ərzində beynəlxalq terrorizmə verdiyi töhfə ilə təcrübə toplayaraq regionda terrorizmi yuvasında boğdu. Bununla da bir daha dünyanın pozucu aktorlarına, onların çıxıntılı və uzantılı meyillərinə sübut etdi ki, dövlətimiz məhz illegal birləşmələrə qarşı vuruşan, beynəlxalq terrorizmə əməldə töhfə verən dövlətdir.

Xarici siyasətdə isə müasir dövrün əsas hədəfi nəinki ölkələr ilə sabit münasibətlər qurmaq, bu münasibətləri dinamik məcrada inkişaf etdirmək son dərəcə vacib amildir. Xarici siyasətimizin mühüm priorietlərindən biri əlaqələrimizi iqtisadi və siyasi çəkisi artan dövlətlərlə gücləndirməkdir. Dövlətin dəqiq xarici siyasət məqsədlərini müxtəlif xarici qurumlar arasında ayırd etmək də çətin məsələdir. Bu baxımdan Azərbaycanın hərbi, iqtisadi, texnoloji, mədəni, siyasi gücü çağımızın ən böyük reallıqlarından biridir. Azərbaycan ilk dəfə olaraq regionun ən qüdrətli dövləti kimi qlobal səhnədə rəqiblərini tarazlaşdırmaqdan, düşmənlərinə qapının harda olduğunu deməkdən qorxmadan fəaliyyət göstərə bilir. Dövlətimiz beynəlxalq münasibətlər sisteminin mövcud anarxik strukturunda sadəcə fəaliyyət göstərən güclü dövlət, ya da iştirakçı və ya müşahidəçi aktor deyil, o həm də yeni dünya nizamının istehsalçısıdır. Azərbaycanın Lideri açıq, dürüst, sərbəst ən əsası isə beynəlxalq hüquq qaydalarına əsaslanan beynəlxalq nizam yaratmağın zərurəti və önəmi prizmasından çıxış edir, bu istiqamətdə əməli addımlar atır.

Bütün bu illər ərzində strukturun formalaşdırılması nə qədər əsas amil idisə, bunun idarə olunması üçün insan resurslarının idarə edilməsi yəni, yeni kadrların seçilməsi, təlimi və idarə edilməsi də mühüm amil idi. Gənc kadrlara etimad göstərilərək yüksək və önəmli postlara gətirilməsi, onların mərkəzi və yerli icra hakimiyyəti orqanlarına təyinatı qısa müddət ərzində öz müsbət nəticəsini verdi. Məmurun xalqla iç-içə olması vətəndaş məmnunluğunu, dövlətə inamı artırdı. Yeni təyinat alan, müasir idarəçilik qabiliyyətinə malik vicdanlı məmurların şəhid ailələrinə, onların əziz xatirəsinə verdikləri gözlə görünən həqiqi dəyər məhz dövlət başçımızın siyasətinin yerlərdə daha böyük dəstək almasına gətirib çıxardı. Sabit, üfüqi nəzarət sisteminin yaradılması vətəndaş mərkəzli siyasətin realizə olunması prosesini sürətləndirdi.

Açıq bazarlar, təhlükəsizlik ittifaqları, çoxtərəfli əməkdaşlıq və demokratik icma ətrafında təşkil edilmiş bu nizam müasir dünya siyasətinin əsasını və fəaliyyət məntiqini təmin etmişdir. Yaxşı və ya pis, müharibədən sonrakı dövrdə dövlətlər bu uzaq nizamla üzləşməli, fəaliyyət göstərməli və ya onun ətrafında işləməli olurlar. Qürurverici məqam odur ki, Azərbaycanın öz milli maraqlarına can atması mütərəqqi və qarşılıqlı razılığa gələn qlobal nizamın qurulması ilə paralel getdi. Xarici inkişaf strategiyası ilə daxili demokratikləşmə arasında təhlükəsizlik, stabillik, inkişaf harmoniyası yaradıldı. Hər bir ölkənin inkişaf strategiyası ilə daxili islahatların təşviqinə verdiyi töhfəyə diqqət yetirilərək bu suallara cavab verilir. Bir partiya üçün, onun sıralarına qoşulan fəal və ya sadə individuallar üçün ən böyük stimul layiqli namizədin ədalətli qalib gəlməsini görməkdir. Ya da ədalətli namizədə layiq olduğu dəyərin xalq tərəfindən verilməsidir. Cənab Prezident İlham Əliyev ətrafında savadlı, milli tərəfdarlar şəbəkəsi qura bilməyi, xalqı arxasına almağı bacarmış Liderdir. Azərbaycan xalqının dayaq nöqtəsi məhz 20 illik fəaliyyətdir. Məhz 20 illik fəaliyyət 7 fevral tarixinin istinad nöqtəsidir. Bu isə yenidən seçilməyin ən vacib əhəmiyyətini əks etdirən amildir.

Şəbnəm Həsənova

UNEC "SABAH" Qruplarının müəllimi