Respublikamızın Prezidenti Cənab İlham Əliyevin apardığı dövlət quruculuğu siyasətində ana dilimizin qorunması, inkişafı, zənginləşməsi məsələləri xüsusi önəm daşıyır.

Bu gün fəxr və qürur hissi ilə deyə bilərik ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dil siyasəti bu gün onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük əzmlə, inamla davam etdirilir və daima diqqət mərkəzində saxlanılır.

Dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi dil siyasətində də ölkə başçısı Ümummilli Liderin ideyalarını layiqincə və çox böyük sevgi ilə yerinə yetirir. Prezident İlham Əliyevin dövlət dilimizin statusunun təmin edilməsi, saflığının qorunması, tətbiqi işinin genişləndirilməsi istiqamətində keçirdiyi uğurlu tədbirlər, imzaladığı fərman və sərəncamlar bunun bariz nümunəsidir. 

Bu baxımdan Prezident İlham Əliyevin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramının, eləcə də 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı dövlət dilinin daim diqqət mərkəzində saxlanılması və dilimizə göstərilən yüksək səviyyəli qayğı barədə danıışmağa əsas verir.

Xalqını daha xoş günlərə qovuşdurmaq arzusu ilə yaşayan Prezidentimizin düşünülmüş islahatları, müdrik qərarları onun öz vətənini, xalqını nə qədər sevməsini bir daha sübut etmiş oldu.
Ölkə başçımız əlifbamıza, ana dilimizə, ədəbiyyatımıza sonsuz sevgi ilə, böyük həssaslıqla yanaşaraq, hər bir çıxışında onların rolunu önə çəkmiş, qorunması və inkişafı məsələlərini xüsusi vurğulamışdır: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.
Prezident İlham Əliyevin ən mühüm xidmətlərindən biri də dilimizin beynəlxalq səviyyədə nüfuzunun yüksəldilməsinə nail olmasıdır.

Bu gün dilimizin dövlət dili olaraq geniş bir müstəvidə istifadəsi, dünyanın ən yüksək kürsülərindən səslənməsi həm ölkəmizin vətəndaşları, həm də xaricdə yaşayan həmvətənlərimiz üçün bir qürur mənbəyidir.
Bu gün Azərbaycan dilinin dövlət dili statusu almasına  görə də, dilimizin işlək dilə çevrilməsinə görə də, beynəlxalq arenaya çıxmasına, qorunmasına və inkişafına görə də Ümummilli Liderimizə, onun ardıcıl və düşünülmüş siyasətini uğurla və səylə davam etdirən layiqli varisinə – Müzəffər Sərkərdəmizə minnətdarıq! 

Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir və bu ölkəyə İlham Əliyev kimi tükənməz gücə, zəkaya malik bir şəxsiyyət rəhbərlik edir. Prezidentlə xalqın birliyi ölkəmizi daim inamla irəli aparır. Xalqımız öz Prezidentinə güvənir və onun arxasında olduğunu nümayiş etdirir.

Prezident İlham Əliyevin siyasətinin əsasında insan amili dayanır. Buna görə də xalqını daha xoş günlərə qovuşdurmaq arzusu ilə yaşayır və hər bir azərbaycanlının Prezidenti kimi qəlblərdə özünə taxt qura bilir. O, bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimidir, dünya azərbaycanlılarının lideridir. İndi Azərbaycan Prezidentinin siyasi portreti bütün dünyada məşhurdur. 

Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Doğma Qarabağımız düşmən tapdağından azad edildi və ölkəmizin ərazi bütövlüyü təmin olundu. 
Xalq ona əmin-amanlıq, sabitlik, firavan həyat bəxş edən Prezidentini sevir və daim Prezidentinin yanındadır! Azərbaycan xalqı bundan sonra da Müzəffər Ali Baş Komandanın ətrafında daha sıx birləşəcək, yeni hədəf və nailiyyətlərə doğru irəliləyəcək!

Biz Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevi dəstəkləyir və  növbəti Prezident seçkilərində  yenə də  güclü, qüdrətli Azərbaycan qurucusuna səs verəcəyik! 

 Dos. Vəfa Allahverdiyeva

 Azərbaycan Dövlət İqtisad Universitetinin  (UNEC) “Azərbaycan dili” kafedrasının dosenti