“Yol hərəkatı haqqında” qanunun tələblərinin yerinə yetirilməsi üçün traktor və digər mexaniki nəqliyyat vasitələri və onların qoşqularının texniki baxışa təqdim edilməsi məcburidir.

"Unikal" xəbər verir ki, qeyd edilən nəqliyyat vasitələrinin sahibləri (səlahiyyətli olan şəxs) onlara məxsus nəqliyyat vasitələrini ildə bir dəfə dövlət texniki baxışına texniki cəhətdən saz vəziyyətdə təqdim etməlidir. Nəqliyyat vasitələrinə dövlət texniki baxışı, nəqliyyat vasitəsinin sahibi və ya nəqliyyat vasitəsinə sərəncam vermək hüququ olan və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş etibarnaməsi olan şəxs tərəfindən aşağıdakı sənədlər təqdim edildikdən sonra həyata keçirilir:

- nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənəd;

- nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;

- dövlət rüsumunun ödənilməsi barədə sənəd;

- icbari sığorta şəhadətnaməsi.

Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən nəzərdə tutulmuş müddət əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olunur.

Traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, qoşqular, yarımqoşqular və digər mexaniki nəqliyyat vasitələri üçün dövlət rüsumu - 15 mаnаt.

Bildiririk ki, texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin istismarı qadağandır!