Bakı Biznes Universitetində (BBU) “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminə dair aparılmış tədqiqatın hesabat konfransı”adlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki, Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatotluğu ilə ”Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi: Erasmus+”layihəsi çərçivəsində baş tutan konfransa Azərbaycanın 20-dən çox ali təhsil müəssisəsindən, həmçinin layihə konsorsium üzvü -İsveç, İspaniya, Portuqaliya, Estoniya və Polşanın nüfuzlu universitetlərindən çoxsaylı nümayəndə qatılıb.

Bakı Biznes Universitetinin (BBU) rektoru i.e.d.,prof. İbad Abbasov konfrans iştirakçıları ilə görüşdən məmunluğunu bildirib. İnkişaf etmiş ölkələrdə geniş yayılan sahibkar universitetlər modelinin ölkəmizin ali təhsil mühitinə inteqrasiyasını mütərəqqi yenilik kimi dəyərləndirib. Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov sahibkarlıq təfəkkürünün inkişaf etdirilməsi, innovasiya ekosiseminin gücləndirilməsi və tətbiqi imkanlarından,layihənin koordinatoru Eşqin Bayramov “ENGAGE”nin üstünlüklərindən,tədbirin moderatoru Gülşən Bayramova isə adıkeçən layihənin  fəaliyyət planı,müvafiq tədqiqatın məqsəd və  metodologiyasından detallı bəhs ediblər.

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əməkdaşı Şirməmməd Məmmədov “Azərbaycanda Ali Təhsildə Sahibkarlıq Ehtiyacları” sorğusunun yekun nəticələri”nə aydınlıq gətirib. 

Lissabon Universitetinin, Kataloniya Politexnik Universitetinin, Kraliyyet Royal Texnologiya İnstitutunun, Tallinn Texnologiya Universitetinin, WSG Universitetinin nümayəndələri  Azərbaycanda sahibkarlıq və universitet dinamikası ilə bağlı konkret faktlar əsasında formalaşan düşüncə və rəylərini diqqətə çatdırıblar.

Avropanın tərəfdaş universitetlərindən dəvətli qonaqların “Sahibkarlığın ali təhsil strategiyasına inteqrasiyası”, “Postsovet dövründə: Polşa və Estoniyada ali təhsildə sahibkarlıq”, “Sahibkarlıq kurrikulumunun inkişafı: Avropanın ən yaxşı təcrübələri”, "İnnovasiyaların komersiyalaşdırılması: sahibkarlıq fəaliyyətlərində universitetlərin üçüncü missiyası" adlı təqdimat-çıxışları panel iclasının başlıca müzakirə predmeti olub. 

Tədbir sual-cavab sessiyası ilə başa çatıb.