"Müzakirə etdiyimiz məsələlərdən biri “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik layihəsidir. Bu mövzuda yeni bir təklifi sizinlə bölüşərdim. Təklifim ölkəmizdə hərbi xidmətdən keçmənin klassifikasiyasının tətbiq imkanları barədədir. Bu, bir sıra dünya ölkələrində, həmçinin qardaş və strateji müttəfiqimiz olan Türkiyənin təcürbəsində də həyata keçirilir".

 

"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev çıxış edib. O bildirib ki, hərbi xidmətə çağırışla bağlı bir sıra modellər istifadə olunur:

"Tam müddət hərbi xidməti saxlamaqla aşağı müddət qradasiyalar müəyyən oluna bilər ki, buna uyğun olaraq dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətdə hərbi xidmətin keçilməsi üçün alternativ imkanlar yaratmaq mümkündür. Tutaq ki, hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2 və ya 6 ay müddətində keçmək olar. Fikrimcə, belə bir dəyişiklik etmiş olsaq, bu, bir sıra obyektiv çətinlikliklərin çözümündə öz müsbət rolunu oynaya bilər. Burada ilk növbədə gənclərin təhsil probleminə diqqət yetirə bilərik. Azərbaycanda iki dəfə gənclərin dövlət hesabına xaricdə təhsil almalarını tənzimləyən proqram qəbul olunub. Bu, bizim dövlət siyasətimizdir, cənab Prezidentin təşəbbüsüdür ki, əldə etdiyimiz kapitalı insan kapitalına çevirməliyik. Gənclərin savadlı kadrlar olaraq yetişmələri hökumətin prioritetlərindən biridir. Təbii ki, hər bir vətəndaş hərbi xidmət borcunu yerinə yetirməlidir. Ancaq ali təhsil almış şəxslər 1 il ərzində hərbi xidmətdə olmalarından sonra yenidən təhsilə, elmi axtarışlara adaptasiya olunmaq, karyera quruculuğu baxımından müəyyən çətinliklər yaşayırlar. Düşünürəm ki, əgər belə bir dəyişiklik edilərsə, bu kimi gənclərimiz, misal üçün 2 aylıq hərbi xidmət proqramını keçməklə təhsilini davam etdirməyə, yaxud karyera quruculuğu prosesinə qayıda bilərlər. Bu, həm təhsil, həm də karyera kimi vacib məqamlarda ardıcıllığın əldə edilməsinə səbəb ola bilər. Yəni, dövlətin gənc nəslin təhsili üçün böyük vəsaitlər xərclədiyi bir reallıqda, hərbi xidmət bu ardıcıllığı müəyyən mənada pozmuş olur. Fikrimcə, hər bir gənc hərbi biliklərə yiyələnmək, vətəni qorumaq üçün hərbi bacarıqlara malik olmaq kimi vəzifənin daşıyıcısıdır".

Deputat qeyd edib ki, dəyişiklik həyata keçirilərsə, bütün ali məktəblərdə bir vaxtlar mövcud olmuş hərbi kafedraların bərpası məsələsinə də baxıla bilər: "Bu yolla təhsil dövründə tələbələrin hərb elmi ilə tanışlığı prosesi təşkil olunar. Orduya, hərbçi işinə cəmiyyətimizdə maraq olduqca güclüdür. Professional hərbi xidmətə meyl göstərən gənclərin sayı artır. Vətən müharibəsindəki qələbəmizlə əldə edilən ruh yüksəkliyi, vətənpərvərlik təbii ki, bu prosesdə təkanverici qüvvə rolunda çıxış edib. Eyni zamanda, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindən sora Silahlı Qüvvələrimizdə köklü islahatlar həyata keçirilir. Qardaş Türkiyə ordusunun modelində komando tipli qoşun növləri formalaşdırılır. Düşünürəm ki, çevik, hazırlıqlı, mobil hərbi heyətin formalaşması həm müasir ordu baxımından, həm də büdcəyə qənaət nöqteti-nəzərdən əlverişli olar. Ordumuzun professional, hərbçi peşəsini öz sənəti kimi qəbul edən vətəndaşlardan ibarət Silahlı Qüvvələrin formalaşdırılması yolunda mühüm addım sayıla bilər. Bu yenilik məşğulluq probleminin çözümünə də öz tövhəsini verər. Ödənişli və qısamüddətli hərbi xidmətdən əldə edilən büdcə gəlirləri isə öz növbəsində ordunun ehtiyaclarına, yaxud hərbi heyətin məvaciblərinin artırılmasına yönəldilər".

Anar Kəlbiyev