Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2050-ci ilə qədər dünyada xərçəng hadisələrinin güclü artımını proqnozlaşdırıb.

“Unikal” xəbər verir ki, agentlik hadisələrin sayının ildə 35 milyona yüksələcəyini qeyd edib.

ÜST 2050-ci ilə qədər dünyada xərçəng xəstələrinin sayının 77% artacağı proqnozunu dərc edib. Mütəxəssislər hesab edirlər ki, mövcud şərtlər davam edərsə, yoluxmaların sayı yarım əsr ərzində 35 milyona çatacaq.
Xərçəng üzrə Beynəlxalq Araşdırmalar Agentliyinin (IARC) məlumatına görə, əgər 2012-ci ildə dünyada rəsmi qeydiyyatda olan 14,1 milyon xərçəng xəstəsi var idisə, indi bu rəqəm 20 milyona çatıb.

Bunun baş verməsinin səbəblərini təhlil edən mütəxəssislər təkcə irsiyyət faktoru  deyil, insanların həm də siqaret və alkoqolizm kimi pis vərdişlərə bağlılığı, həmçinin piylənmə, əhalinin kütləvi artımı və planet sakinlərinin qocalmasını vurğulayıblar.

Onu da qeyd ediblər ki, 2022-ci ildən etibarən kişilərdə ən çox görülən xərçəng növü ağciyər xərçəngi olub. Döş xərçəngi isə qadınlarda ən çox görülən xərçəngdir və 2022-ci ildə bu cinsdə ən çox ölümə səbəb olub.

Zərifə Nağıyeva