Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Qazaxıstanın Mangistau vilayətində fəaliyyət göstərən “Dostluq” Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynovu qəbul edib. 

"Unikal" xəbər verir ki, qonağı salamlayan Komitə sədri qardaş ölkədəki icmamızın aktiv fəaliyyətini müsbət qiymətləndirib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafının diasporun fəaliyyətinə pozitiv təsirindən danışıb.

Komitənin Qazaxıstanın müxtəlif bölgələrində, eləcə də Aktau, Almatı, Türküstan, Şimkənd və Astanada fəaliyyət göstərən diaspor təşkilatları ilə birgə layihələr həyata keçirdiyi vurğulanıb, icmamızın fəaliyyətinin daha da genişləndirilməsinə dair tövsiyələr nəzərə çatdırılıb. 

Sonra Şəmsəddin Hüseynova təltif olunduğu Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib. 

Birlik sədri diaspor fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını ifadə edib. Bildirib ki, soydaşlarımız qətiyyətli və əzmkar siyasəti ilə Azərbaycanın ərazi bütövlüyünü təmin edən Prezident İlham Əliyevlə qürur duyurlar. 30 ildən artıq Qazaxıstanda yaşadığını xatırladan birlik sədri bundan sonra da Azərbaycanla Qazaxıstanın milli maraqlarının müdafiəsi, ikitərəfli münasibətlərin inkişaf etməsi və diasporumuzun güclənməsi naminə çalışacaqlarını vurğulayıb.