Eyfel qülləsindən metal 2024-cü il Olimpiadasının medallarına əlavə edilib.
"Unikal"
xəbər verir ki, mükafat dəstləri bu gün Oyunların təşkilat komitəsinin Parisdəki qərargahında təqdim olunub.

5084 medalın hər birinin mərkəzində xüsusi çərçivədə altıbucaqlı dəmir parçası olacaq. Mükafatlar Chaumet zərgərlik evi tərəfindən hazırlanıb.

"Biz Paris Olimpiya və Paralimpiya Oyunlarının bütün qaliblərinə 1889-cu ildən Eyfel qülləsindən bir parça hədiyyə etmək istəyirdik" dedi təşkilat komitəsinin rəhbəri Toni Estanqe.

Qeyd olunur ki, medallarda qüllənin orijinal dizaynının bir hissəsi olan, lakin təmir zamanı dəyişdirilmiş metaldan istifadə olunacaq.

Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.