Fransanın keçmiş prezidenti Fransua Mitteran dövründə ədliyyə naziri olmuş Robert Badinter ötən gecə 95 yaşında dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, Badinter hər şeydən əvvəl ölüm hökmünə qarşı amansız mübarizəsi ilə yadda qalacaq.1981-ci ildə kəskin şəkildə bölünmüş Milli Assambleyaya ölüm cəzasını ləğv edən qanun layihəsini məhz o təqdim edib. Badinter deputatlara iki saatlıq nitq söyləyərək, "Sabah sizin sayənizdə Fransa ədaləti artıq öldürən bir ədalət olmayacaq (...) Sabah siz ölüm hökmünün ləğvinə səs verəcəksiniz" deyə müraciət edib.

1972-ci ilin noyabrında Sante həbsxanasının həyətində tibb bacısını öldürməkdə günahlandırılan və gilyotina ilə cəzalandırılan Robert Botempsi müdafiə etdiyi gündən onun ölüm cəzasına qarşı çıxması ilə yadda qalmışdı. 

Beş il sonra Badinter ömürlük həbs cəzasına məhkum edilmiş uşaq qatili Patrik Henrini ölüm cəzasından xilas etmişdi.

Fransada ölüm hökmünü dayandıran qanun 1981-ci il oktyabrın 9-da qüvvəyə minib. İyirmi beş il sonra, 2007-ci il fevralın 19-da Versalda keçirilən Fransa Deputatlar Konqresi tərəfindən ölüm hökmünün ləğvi Konstitusiyaya daxil edilib.

Robert Badinter o zaman demişdi: "Ölüm cəzası işgəncə kimi bu dünyadan yox olmağa məhkumdur, çünki bu, insanlıq üçün rüsvayçılıqdır. Heç vaxt, heç yerdə qanlı cinayətlərin azalmasına səbəb olmayıb".

Doqquz ilə yaxın Konstitusiya Məhkəməsinin sədri vəzifəsində də çalışmış bu insan həyatını insan hüquqlarının müdafiəsinə həsr edib. 

Onun ədalət üçün susuzluğu İkinci Dünya Müharibəsi ilə əlamətdar olan yeniyetməlik illərindən qaynaqlanır. 81 il bu gün, 1942-ci il fevralın 9-da onun cəmi 14 yaşı olanda atası Lionda gözləri qarşısında nasistlər tərəfindən həbs edilir. Ailəsi Savoyaya sığınarkən o, Polşadakı Sobibor həbs düşərgəsinə deportasiya edilib.

Robert Badinterin ölüm xəbəri üzərinə prezident Emmanuel Makron X-də verdiyi açıqlamada “Əsrin fiquru, respublikaçı vicdan, fransız ruhu” deyərək Badinteri tərifləyib.