Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Konqresinin Ankaraya F-16 qırıcılarının satışı ilə bağlı sazişi təsdiq etdiyini təsdiqləyib.
"Unikal" xəbər verir ki, dövlət başçısı bu barədə Ankarada onun sədrliyi ilə keçirilən hökumətin iclasının yekunu üzrə müvafiq bəyanatla çıxış edib.
ABŞ-ın Ankaradakı səfiri Ceffri Fleyk ötən bazar günü Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş F-16 təyyarəsi almasını Konqresin təsdiqlədiyini açıqlayıb.
"F-16 ilə bağlı müraciətimizin ABŞ-nin müsbət qərarı ilə nəticələnməsinə şadıq. Məhdudiyyətlər aradan qaldırıldıqdan sonra Türkiyənin müdafiə sənayesi daha intensiv inkişaf edəcək", - Ərdoğan bildirib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan fevralın 10-dək ABŞ Konqresindən döyüş təyyarələri ilə bağlı qərar gözlədiyini bildirib. O qeyd edib ki, Ankara ilə Vaşinqton arasında ilkin razılaşma var ki, Türkiyə parlamenti İsveçin NATO-ya üzv olmaq ərizəsini təsdiqlədikdən sonra ABŞ F-16-nın satışı ilə bağlı tədbirlər görəcək. Qanunverici orqan yanvar ayında Stokholmun ratifikasiya protokolunu təsdiqləyib.
Türkiyə bir neçə il əvvəl ABŞ-dan mövcud təyyarələri üçün 40 ədəd F-16 Block 70 qırıcısı və 80 ədəd Block 70 təkmilləşdirmə dəsti tələb etmişdi. ABŞ dövlət katibi Antoni Blinkenin daha əvvəl dediyi kimi, Konqresin bəzi üzvləri bu cür tədarükü Ankaranın İsveçin NATO-ya qəbulu üçün atacağı addımlarla əlaqələndirməyə çağırıblar.