Polşanın baş naziri Donald Tusk sələfi Mateusz Morawiecki dövründə hökumət rəsmilərini İsrailin kibertəhlükəsizlik şirkəti NSO Group tərəfindən hazırlanmış "Pegasus" casus proqramından qeyri-qanuni istifadə etməkdə ittiham edib.

"Unikal" xəbər verir ki, Tusk prezident Anjey Duda ilə keçirdiyi mətbuat konfransında sələfi Morawiecki hökumətinə qarşı ittihamlar səsləndirib.

Duda ilə casus proqramın ölkədə geniş şəkildə istifadə edildiyi barədə məlumat paylaşdığını bildirən Tusk, maraqlandığı təqdirdə bütün sənədləri prezidentə təqdim edəcəklərini bildirib.

Pegasusun qanuni və qeyri-qanuni olaraq alındığını və istifadə edildiyini təsdiqləyən dəlillərin olduğunu qeyd edən Tusk, "Təəssüf ki, bu tətbiqlərin qurbanlarının siyahısı çox uzundur" deyib.

Dudanın da dəstəklədiyi keçmiş baş nazir Morawiecki-nin rəhbərlik etdiyi sağçı Qanun və Ədalət Partiyası hökumətinin Peqasusun köməyi ilə bəzi polşalı rəqiblərini hədəfə aldığı iddia edilir.

2023-cü ilin oktyabrında seçkilərdən sonra fəaliyyətə başlayan yeni parlamentdə Pegasus casus proqramlarının əvvəlki hökumət rəsmiləri tərəfindən istifadə edildiyi iddialarını araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

Qeyd edək ki, İsrailin kibertəhlükəsizlik şirkəti NSO Group tərəfindən hazırlanan Pegasus casus proqram təminatının bütün dünyada telefon danışıqlarına qulaq asmaq, səs yazmaq, e-poçtları izləmək və telefonlardan istifadəçilərin icazəsi olmadan fotoşəkil çəkmək kimi casusluq fəaliyyətləri üçün istifadə edildiyi ortaya çıxıb. 

İsrailin “Haaretz” qəzetində yer alan xəbərdə Azərbaycan, Salvador, Fransa, İngiltərə, Polşa, Macarıstan, Hindistan, Qazaxıstan, Ruanda, Mərakeş, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Fələstin və İordaniyada çoxlu sayda insanın izlənildiyi bildirilib.