“Bank of Baku”nun Müşahidə Şurasının sədri Elçin İsayev “Qafqazinfo”ya müsahibə verib.
"Unikal" həmin müsahibəni təqdim edir:
- 30 yaş, 30 il, 30 illik bir əmək... Necə xatırlayırsınız bu illəri?
Müsahibim gülümsəyir...
- Bəli, 30 il az bir müddət deyil, bir ömür və bu ömrə sığışdırılmış böyük bir əmək.
“Bank of Baku” sözün əsl mənasında bir məktəbdir. Yarandığı ilk gündən bir çoxlarının həyatına toxunan məktəb.
Bu gün rahatlıqla deyə bilərəm ki, geridə qoyduğumuz bu 30 ilin həm bizə, yəni “Bank of Baku” ailəsinə, həm də iqtisadi mühitə çox vacib qatqıları olub. Böyük bir fəxrdir ki, enişli-yoxuşlu olan bu yol bizi hər zaman uğura aparıb.
- “Bank of Baku” ailəsi deyirsiniz hər zaman...
- Doğrudur...
- “Bank of Baku” sadəcə öz çalışanları ilə deyil, eyni zamanda onunla addımlayan müştəriləri, ona inanan dostları ilə bir milyondan çox şəxsin birləşdiyi bir ailədir. 30 il ərzində bank olaraq “Sizə Yaxın Bankçılıq” şüarını qorumaqla, əslində, böyük bir arzu reallaşdırmışıq – Bir ailə olmuşuq.
- 30 il öncəyə dönsək, “Bank of Baku”nun yarandığı dövrü, 1994-cü il 14 fevral ərəfəsini necə xatırlayarsınız?
Ümumiyyətlə, sözügedən tarix sadəcə “Bank of Baku” ilə deyil, eyni zamanda ölkə iqtisadiyyatı ilə də əlaqəlidir. Belə ki, Azərbaycanın öz suverenliyini elan etməsindən sonra ölkə iqtisadiyyatının inkişafı üçün ciddi addımların atılmasına başlandığı illərdən danışırıq. 1992-ci ildən sonra demək olar ki, ölkədə yeni bank sistemi formalaşmağa başladı. “Bank of Baku” da o illərdə təməli qoyulan əsas maliyyə qurumlarından birinə çevrildi və bu gün də öz mövqeyi, duruşu ilə varlığını qoruyub saxlaya bilir.
“Bank of Baku” ölkənin bank sektoruna 14 fevral 1994-cü ildə daxil olub. O illərdə bank “Tuqay” kommersiya bankı kimi yaradılmışdı. 1997-ci ildə adını dəyişdirilərək “Bank of Baku” olmuşdu. 2005-ci ildə isə “Bank of Baku” və “İlkbank” kommersiya banklarının birləşməsi ilə Mərkəzi Bank yeni “Bank of Baku”nun fəaliyyəti üçün lisenziya vermişdi.
Sonrakı illərdə isə artıq bir çox maliyyə təşkilatlarının üzvünə çevrildik, filiallarımızı yaratdıq, paytaxt hüdudlarından keçərək regionlarda yaşayan müştərilərimizə də yaxın olmaq üçün region filiallarımızı istifadəyə verdik.
Bütün bunlarla yanaşı, kifayət qədər yeniliklərə və ilklərə imza ataraq – İlklərin Bankı ola bildik.
- Maraqlı gəldi.. İlklərin Bankı – açıqlaya bilərsinizmi?
Əlbəttə... Bu, danılmazdır ki, “Bank of Baku” 30 il ərzində böyük işlərə imza atıb. Bunların əksəriyyəti isə ilklərdən ibarətdir. Ölkəyə ilk dəfə "Cash in" ödəniş terminallarını gətirən, ilk dəfə kredit rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə imkanı, krediti onlayn ödəmə imkanı təqdim edən, İVR sistemli Məlumat Mərkəzini yaradan, kobrend kartlardan istifadə imkanı verən və bir çox bu kimi yeniliklərə imza atan bank məhz “Bank of Baku” olmuşdur.
- İlklərdən söz düşmüşkən Bolkart-dan bəhs etməmək imkansız olardı. “Bank of Baku” nağdsız ödənişləri dəstəkləyərək 2011-ci ildə ilk dəfə olaraq ölkədə Bolkart taksit kartını istifadəyə vermişdi. Bu da əslində təcrübəyə əsaslanan bir uzaqgörənliyin nəticəsidir ki, bugünkü gündə artıq ölkədə nağdsız ödənişlərin vacibliyi və bu istiqamətdə aparılan işlərin həcmi göz önündədir.
- “Bank of Baku”nun bu addımı Mərkəzi Bank tərəfindən "nağdsız ödənişlər" nominasiyasında dəfələrlə birinci yerlə təltif edilməsi ilə nəticələnmişdir. Bununla, əslində, əldə etdiyimizin uğurun həcmini gözlər önünə sərmiş oluruq.
- Təcrübə və uzaqgörənlikdən danışdınız. Bunu daha da açmaq olar?
- Müsahibəmizin əvvəlində də qeyd etdiyim kimi, “Bank of Baku” həqiqətən bir məktəbdir. Əslində, bank sektorunun akademiyası olaraq qəbul olunan bir bankdan danışırıq. Bir az təvazökarlıqdan uzaq görünsə də, qeyd etmədən keçmək olmaz ki, bura bir çox bank mütəxəssinin uğurlu karyera yolunun başlanğıcı olub. Peşəkar kadrların yetişdiyi, sağlam iş mühitinin olduğu “Bank of Baku” qazandırdığı təcrübə ilə əsl “Bankçılıq akademiyası” rolu oynayıb.
- “Bank of Baku” fəaliyyətində hansı prinsipləri bütün fəaliyyəti boyunca qoruyub saxlayıb?
- Dəyərlər...
Düşünmədən deyə bilərəm ki, “Bank of Baku” üçün dəyərlər çox önəmlidir. Bu dəyərlər – loyallıq, dürüstlük, şəffaflıq və vicdandır. 30 illik fəaliyyətimiz boyunca sadəcə bir maliyyə qurumu kimi fəaliyyət göstərmədik. İstər əməkdaş, istər müştərilərimizə qarşı olan məsuliyyəti dərk edərək dəyərlərini qoruyan bir sərkərdə kimi olduq.
Dayanıqlılıq üçün bu olmalıdır. “Bank of Baku” fəaliyyəti boyunca bu prinsiplə hərəkət edərək dayanıqlı banka çevrilmişdir.
30 illik fəaliyyət həm də zəngin təcrübə, enişli-yoxuşlu yollarda qazanılmış peşəkarlıq, bilik dəryası deməkdir.
- Bu mənada “Bank of Baku”nun sektora təsirini necə dəyərləndirirsiniz?
- Təşəkkür edirəm bu dəyərləndirmə üçün.
30 il ərzində “Bank of Baku” da enişli-yoxuşlu yollardan keçərək sağlam bir duruş sərgiləyib. Hər bir maliyyə şirkəti kimi, təbii ki, qarşılandığımız bir sıra çətinliklər olub. Lakin bugünkü gün sınaqdan keçdiyimiz o yollara fəxrlə baxa bilirik.
Ölkə Prezidentimizin iqtisadi inkişaf üçün verdiyi qərarlar bankımızın daha da güclənməsinə səbəb olmuşdur. Dövlətin dəstəyini duymaq və gördüyümüz işin dəyərləndirilməsi, həqiqətən, çox qiymətlidir.
- Elə dəyərlərdən söz salmışkən yan keçə bilmədiyim bir məqam var. “Bank of Baku”nun cəmiyyətə olan həssaslığı və sosial məsuliyyəti...
- Həqiqətən, bizim üçün çox önəmli olan bir məqama toxundunuz. 30 illik fəaliyyətimiz boyunca qoruyub saxladığımız “Sizə Yaxın Bankçılıq” şüarı sadəcə rahat bankçılıq xidmətlərimizi, sərfəli təkliflərimizi özündə əks etdirmədi, eyni zamanda bir idealogiyanı təmsil etdi.
Bank olaraq yaxın olduq. Müştərilərimizə, cəmiyyətə və onun dəyərlərinə yaxın olduq. Əgər ötən bir dövrə nəzər salsaq, görərik ki, “Bank of Baku” korporativ sosial məsuliyyətini dərk edən və bu yöndə böyük layihələrə imza atan bank olub.
Dayanıqlı inkişaf məqsədlərini əsas tutaraq istər təhsilin inkişafı, ətraf-mühitin qorunması, istər də fiziki məhdudiyyətli şəxslərə dəstək məqsədilə bir çox işlər görmüşük.
Biz bank olaraq Azərbaycanda ilk dəfə fiziki məhdudiyyətli şəxslər üçün karyera sərgisi təşkil etmiş və nəticədə onlarla vətəndaşımızın həm
bankımızda, həm də müxtəlif şirkətlərdə işlə təmin olunmasına şərait yaratmışıq.
Son illərdə isə korporativ sosial fəaliyyətimizdə diqqətimiz daha çox təbii ki, ölkə olaraq qazandığımız zəfərin səbəbkarları – şəhidlərimizə, qazilərimizə yönəlmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin.
- Son olaraq, yaxın gələcək üçün strateji planlarınızdakı əsas hədəfləriniz barədə soruşmaq istərdim...
- 30 il əvvəl bəslədiyimiz ümidlər bu gün necə özünü doğruldubsa, düşünürəm bugünkü ümidlər də gələcəkdə özünü doğruldacaq
“Bank of Baku” bu gün sadəcə pərakəndə bankçılıq sahəsində deyil, eyni zamanda korporativ bankçılıq sahəsində də irəli addımlar atır.
Son illərdə maliyyə gücümüz kifayət qədər möhkəmlənib. Artan inkişaf tempinə malikik. 2023-cü ilin yekun nəticələrinə əsasən, aktivlərimiz 870 milyon manatı ötüb. Bu artım tempini qorumaqla ən yaxın zamanda MİLYARDLIQ BANKA çevriləcəyik.
Gələcəkdə daha rahat və effektiv xidmət məqsədilə tam rəqəmsallaşmaya keçidi planlaşdırırıq, eyni zamanda istehlak krediti bazarında ilk üçlükdə olmağı, kiçik və orta biznesin inkişafına daha çox dəstək olaraq korporativ bankçılıq sahəsində daha rəqabətli olmağı, innovativ məhsul və xidmətlərlə müştəriləmizi sevindirməyi hədəfləmişik.
Bir sözlə, artıq sadəcə “Sizə Yaxın Bankçılıq” yox, “Sizə Yaxın İnnovativ Bankçılıq” xidməti təqdim etmək üçün çalışacağıq!