9-18 fevral 2024-cü il tarixində Rumıniya Respublikasında məktəblilərin VIII InfO(1)Cup proqramlaşdırma müsabiqəsi baş tutub.

"Unikal" xəbər verir ki, yarış onlayn formatda keçirilib. 13 ölkədən 135 şagirdin proqramlaşdırma üzrə biliklərini sınadığı olimpiadada "Azercell"in dəstəklədiyi gənclər uğurla çıxış edərək 1 qızıl və 1 bürünc medal qazanıblar. 

Akademik Z.Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli qızıl medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Raul Cəfərli bürünc medala layiq görülüblər. Qeyd edək ki, bu, sözügedən yarışda məktəblilərimizin qazandığı ilk qızıl medaldır. Bu günə kimi məktəblilərimiz həmin müsabiqədən 3 gümüş, 3 bürünc medal qazanıblar.

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən “Azercell Telekom” MMC-nin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 4 qızıl, 16 gümüş və 40 bürünc olmaqla ümumilikdə 60 medal əldə ediblər.