Fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələlərdə uçan binalara görə məsuliyyət daşıyanlara qarşı açılan işlərdə ilk qərar Şanlıurfada verilib.

"Unikal" xəbər verir ki, şəhərdə 34 nəfərin həyatını itirdiyi, 10 nəfərin yaralandığı yaşayış binasının podratçısı 18 il 1 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.Şanlıurfa 9-cu Ağır Cəza Məhkəməsində keçirilən qərar iclasında məhbus şübhəli podratçı Müslüm Dəmirerin vəkilləri və zərərçəkmiş tərəflərin vəkilləri iştirak edib.

İclasda nümayəndə heyətinin dəyişməsi ilə əlaqədar yaşayış binasının dağıntılarının ekspertizası ilə bağlı məruzələr və protokollar oxunub.

Zərərçəkmiş tərəfin vəkilləri təqsirləndirilən şəxsə yuxarı həddində cəza verilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkilləri də təqdim olunan rəyi qəbul etmədiklərini bildiriblər və müvəkkillərinin də oğlunu həmin binanın dağıntıları altında itirməsi ilə zərər çəkdiklərini bildiriblər.

Prokuror mahiyyəti üzrə rəyində qeyd edib ki, təqsirləndirilən şəxsin yaşayış binasının tikintisində mövcud standartlara uyğun öhdəliklərini yerinə yetirmədiyi müəyyən edilib və təqsirli bilinib.

Yekdilliklə qəbul edilən qərarda təqsirləndirilən şəxs "şüurlu ehtiyatsızlıqdan birdən çox şəxsin ölümünə və xəsarət almasına səbəb olmaq" maddəsi ilə 21 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Sözügedən binada öz oğlunu itirdiyinə görə cəzası 1/6 nisbətində azaldılıb və təqsirləndirilən şəxsin 18 il 1 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsinə qərar verilib.

Qərarda həmçinin xatırladılıb ki, yaşayış binasının tikintisinə məsul olan 4 nəfərdən 3-ü zəlzələdən əvvəlki illərdə dünyasını dəyişib.

Müvafiq qərar zəlzələlərdə uçan binalara görə məsuliyyət daşıyanlara qarşı verilən ilk qərardır.