Bu ilin yanvar ayında Türkiyədə Azərbaycan sərmayəsi ilə 15 şirkət yaradılıb.
"Unikal" xəbər verir ki, yeni yaradılan şirkətlərdən 4-ü anonim (səhmdar), 11-i isə limited (MMC) şirkət olub.
Yanvar ayında təsis olunan 4 anonim şirkətin ümumi sərmayəsi 2,8 milyon lirə (90 min dollar) olub və bu məbləğin 1 milyon 5 min lirəsini (32,4 min dollar) Azərbaycan sərmayəsi təşkil edib. Yeni yaranan 11 limited şirkətin isə ümumi sərmayəsi 6 milyon 450 min lirə (208 min dollar) olub və bunun da 4 milyon 275 min lirəsini (138 min dollar) Azərbaycan sərmayəsi təşkil edib.
Məlumat üçün onu da bildirək ki, bu ilin yanvar ayında Türkiyədə ən çox anonim şirkət açan ölkə İtaliya və Azərbaycan olub. Yanvar ayında hər iki ölkənin sərmayəsi ilə Türkiyədə 4 anonim şirkət təsis edilib. Növbəti yerlərdə hər birində 3 şirkət olmaqla Çin və Almaniya, həmçinin 2 şirkətlə İspaniya yer alıb.
Limited şirkətlərin sayına görə isə ilk yerdə İran qərarlaşıb. Yanvar ayında Türkiyədə İran sərmayəsi ilə 37 limited şirkət qurulub. Azərbaycan bu siyahıda 6-cı yerdə qərarlaşıb. Bu kateqoriyada Azərbaycandan daha çox şirkət açan ölkələr Almaniya (19 şirkət), Misir (14 şirkət), Rusiya (13 şirkət) və Çin (12 şirkət) olub.