Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının son bir-neçə gün ərazində paytaxt və bölgələrdə narkotiklərin satışı ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində həyata keçirdikləri silsilə tədbirlər zamanı 12 nəfər saxlanılıb.
DİN-dən "Unikal"a verilən məlumata görə, onlardan ümumilikdə 46 kiloqram heroin, marixuana, metamfetamin, eləcə də digər növdən olan narkotik maddələr və 80 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib. Saxlanılan şəxslərdən 1997-ci il təvəllüdlü Həsənov Əlövsət Əlif oğlu, 1984-cü il təvəllüdlü Babayev Əhməd Sabir oğlu və 1985-ci il təvəllüdlü Hacıyev Elşad İbrahim oğlu ölkəyə qanunsuz yollarla göndərilən narkotiklərin Azərbaycandakı əsas tədarükçülərindən olublar.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılanların hər biri barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.