Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.
Dəyişikliyə əsasən, 2024-cü il 31 dekabr tarixinədək 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb, 1 ton üçün 200 manatdan 1 manata endirilib. Eyni zamanda qazoyllar, o cümlədən dizel yanacağı üçün aksiz dərəcəsi 80 manatdan 1 manata endirilib. Nazirlər Kabinetinin digər qərarı ilə 2024-cü il 31 dekabr tarixinədək qeyd edilən benzin və qazoyllar, o cümlədən dizel yanacağı üçün gömrük rüsumu ləğv edilib.
Bu qərarın elan olunmasından sonra cəmiyyətdə “Aİ-92” markalı benzinin və dizel yanacağının ucuzlaşacağı ilə bağlı fikirlər səsləndirilir.
Məsələ ilə bağlı “Unikal”a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli ölkəmizdə benzin və dizel yanacağının ucuzlaşması ehtimalından danışıb:
“Məntiqlə baxanda, bəli, ucuzlaşma olmalıdır, amma Azərbaycan xaricdən nə qədər “Aİ-92” markalı benzin alır? Əsas sual budur.
Mən “Aİ-92” markalı benzinin və dizel yanacağının qiymətində ucuzlaşma olacağını düşünmürəm. Sadəcə, bu qərar yanacaq bahalaşmasın deyə qəbul edilib.
Məlum olduğu kimi, Rusiya yanacağın ixracına bir neçə aylıq qadağa qoyub. Azərbaycan çatışmayan hissəni digər ölkələrdən, əsasən də Qazaxıstandan alacaq. Təəssüf ki, ucuzlaşma olmayacaq, çünki bu, ölkə ərazisində istehsal olunan məhsullara aid deyil.
Yalnız aksiz vergisi ilə ölkəyə idxal olunan məhsullara şamil edilir”, - deyə ekspert qeyd edib.
Murad İbrahimli