Dünyada obez insanların sayı 1 milyardı ötüb.

"Unikal" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qurumun məlumatına görə, hazırda dünyada hər səkkizinci insan obezdir.

"1990-cı ildən bəri böyüklər arasında piylənmənin qlobal yayılması iki dəfədən çox, uşaqlar və yeniyetmələr (5-19 yaş) arasında isə dörd dəfə artıb", - deyə təşkilat vurğulayıb.

ÜST-ün Qidalanma və Qida Təhlükəsizliyi Departamentinin direktoru Françesko Branka qeyd edib ki, bu göstəricinin əslində 2030-cu ilə qədər 1 milyard obez insan rəqəminə çatması gözlənilmirdi.

ÜST həmçinin bildirib ki, əvvəllər yüksək gəlirli ölkələrdə yayıldığı düşünülən artıq çəki və piylənmə indi aşağı və orta gəlirli ölkələrdə, xüsusən də şəhərlərdə getdikcə daha çox yayılır.

Nuranə Abbasova