Qəzza zolağında Kamal Advan xəstəxanasında 10 uşaq aclıqdan ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

O qeyd edib ki, ÜST nümayəndələri həftəsonu Qəzza zolağının şimalında yerləşən Əl-Auda və Kamal Advan xəstəxanalarına baş çəkiblər. Onlar ciddi qida çatışmazlığı, yanacaq, ərzaq və dərman çatışmazlığını qeyd ediblər. 

O, Qəzzanın şimalındakı yeganə uşaq xəstəxanası olan Kamal Advanın xəstələrlə dolu olduğunu bildirib.

 "Ərzaq çatışmazlığı 10 uşağın ölümünə səbəb olub. Elektrik enerjisinin çatışmazlığı xəstələrə qulluq üçün, xüsusilə reanimasiya və neonatal şöbə kimi kritik sahələrdə ciddi təhlükə yaradır", - ÜST rəhbəri bildirib. 

ÜST əməkdaşları tərəfindən hər iki tibb müəssisəsinə 9,5 min litr yanacaq, eləcə də zəruri dərman preparatları çatdırılıb. Qebreyesus İsraili “humanitar yardımın təhlükəsiz və müntəzəm çatdırılmasını təmin etməyə” çağırıb. "Mülki əhalinin, xüsusən də uşaqların və tibb işçilərinin təcili, geniş yardıma ehtiyacı var. Lakin bütün bu xəstələrin ehtiyac duyduğu əsas dərman sülhdür. Atəşkəs", - deyə baş direktor sözlərinə əlavə edib.