Venesuela, ölkənin yük təyyarəsinin ələ keçirilməsində rolu olduğu səbəbilə Argentinadan gələn bütün təyyarələr üçün hava sahəsini bağlayıb.

"Unikal" xəbər verir ki,  bu barədə ölkənin xarici işlər naziri İvan Gil sosial media hesabında yazıb. 

Argentina prezidenti Xavyer Miley hökumətinə dəfələrlə xəbərdarlıq etdiklərini vurğulayan Gil, "Onlar sırf şimaldakı qoruyucularını sevindirmək üçün şirkətimizə qeyri-qanuni ziyan vurdular. Bu zərəri kompensasiya etmədikcə, Argentinaya gedən və oradan gələn heç bir təyyarə hava məkanımızdan istifadə edə bilməyəcək", - deyə şərh edib.  

Argentina prezidentinin sözçüsü Manuel Adorni də gündəlik mətbuat konfransında Venesuelanın qərarına qarşı diplomatik addım atacaqlarını bildirib. 

Qeyd edək ki, Argentina ABŞ-nin tələbi ilə 12 avqust 2022-ci ildə Venesuela təyyarəsini ələ keçirib. İyunun 7-də Venesuelanın paytaxtı Karakasa dönməsi planlaşdırılan təyyarə yanacaq çatışmazlığı səbəbindən bu uçuşu həyata keçirə bilməyib.İyunun 8-də yanacaq almaq üçün Argentinadan Uruqvaya yola düşüb, lakin Uruqvay hava məkanını bağladıqdan sonra, yanacaq almadan Argentinaya qayıdıb. 

ABŞ Venesuela yük şirkəti tərəfindən İranın Mahan Hava Yollarından aldığı “Boeing 747” tipli yük təyyarəsinin “İranla bağlı ixrac məhdudiyyətləri” çərçivəsində ələ keçirildiyini açıqlayıb. Venesuela prezidenti Nikolas Maduro fevralın 16-da verdiyi açıqlamada ölkənin yük təyyarəsinin Argentina və ABŞ-nin əməkdaşlığı ilə oğurlandığını iddia edib. Maduro mətbuat konfransında “Emtrasur” aviaşirkətinə məxsus Boeing-747 tipli yük təyyarəsinin Argentinanın köməyi ilə ABŞ tərəfindən ələ keçirildiyini iddia edərək, bunu oğurluq kimi qiymətləndirib. 

Gülayə Mecid