Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının icrasının təmin edilməsi məqsədilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayon ərazisində fəaliyyət göstərən fermerlərlə geniş tərkibdə görüş keçirib.
"Unikal" xəbər verir ki, görüşdə aidiyyəti dövlət qurumlarının və xidmət sahələrinin rəhbərləri, kənd təsərrüfatı mütəxəssisləri, su təsərrüfatı nümayəndələri, eləcə də müxtəlif kənd və qəsəbələri təmsil edən fermerlər iştirak etdilər. Tədbirin əsas məqsədi Dövlət Proqramında nəzərdə tutulan hədəflərin yerinə yetirilməsi istiqamətində yerli istehsalçıların fikir və təkliflərini dinləmək, mövcud vəziyyəti dəyərləndirmək və qarşıda duran vəzifələri müəyyənləşdirmək oldu.
Rayon rəhbəri çıxışında kənd təsərrüfatının ölkə iqtisadiyyatında mühüm yer tutduğunu vurğulayaraq, aqrar sektorun inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirdi. Qeyd olundu ki, kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılması, məhsuldarlığın yüksəldilməsi, müasir texnologiyaların tətbiqi, emal sənayesinin inkişaf etdirilməsi və ixrac potensialının gücləndirilməsi qarşıdakı illər üçün əsas məqsədlər sırasındadır.
Görüş zamanı rayonda kənd təsərrüfatının mövcud vəziyyəti ətraflı müzakirə olundu. Fermerlər tərəfindən əkin sahələrinin suvarma suyu ilə təminatı, meliorasiya və irriqasiya sistemlərinin vəziyyəti, subsidiya və güzəşt mexanizmləri, kənd təsərrüfatı texnikası ilə təminat, gübrə və toxum təminatı, həmçinin məhsulların satışı və bazara çıxarılması ilə bağlı məsələlər səsləndirildi.
Xüsusilə suvarma suyunun təminatı məsələsi geniş müzakirə olundu. Bildirildi ki, mövcud problemlərin aradan qaldırılması və su ehtiyatlarından səmərəli istifadənin təşkili istiqamətində aidiyyəti qurumlarla birgə tədbirlər davam etdirilir.
Tədbirdə çıxış edən fermerlər aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyini yüksək qiymətləndirərək, onların fəaliyyətinin genişləndirilməsi üçün həyata keçirilən layihələrin əhəmiyyətini vurğuladılar. Eyni zamanda, kənd təsərrüfatının daha da inkişaf etdirilməsi istiqamətində fikir və təkliflərini rayon rəhbərliyinin diqqətinə çatdırdılar.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə fermerləri maraqlandıran suallar cavablandırıldı və qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verildi. Tədbirin sonunda kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və kənd yerlərində məşğulluğun artırılması istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulandı.












.jpg)



.webp)













.jpg)


















