Qlobal miqyasda baş verən hadisələr ölkəmizdə nağdsız ödəniş ekosisteminin formalaşdırılmasına stimul olub.
“Unikal” xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Visa Nağdsız Forumunda (Visa Cashless Forum 2024) çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov deyib.
O bildirib ki, 2022-ci illə müqayisədə kartlarla aparılan əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 12% artaraq 56%-ə çatıb. 2024-cü ilin yanvar ayı üzrə bu göstərici 60%-i ötüb. İnsanların ödəniş davranışlarında nağdsız ödənişlər üstünlük təşkil edir.
Cari hesablar üzərindən aparılan əməliyyatlarda da kağız üzərində əməliyyatlar azalıb, elektron təqdim ediləb ödənişlər 80%-i keçib.
İnternet və mobil bankçılıq xidmətləri də kifayət qədər yüksəlib. İnternet bankçılıq xidmətlərinin həcmi ötən il 12%, mobil bankçılıqda isə 2 dəfə artıb.
““Apple Pay” və “Google Pay” əməliyyatlarında, tokenizasiya əməliyyatlarında da artım müşahidə edilir. Ötən il token əməliyyatlarının sayı 3,5 dəfə artıb. Təsərrüfatı subyektlərində quraşdırılmış Pos-terminalları ilə aparılan 4 əməliyyatdan 1-i “Apple Pay” və “Google Pay”ə aid olub” - Fərid Osmanov əlavə edib.