Ukrayna və Qəzza zolağında baş verən münaqişələrdə beynəlxalq ictimaiyyət BMT Nizamnaməsinə və beynəlxalq humanitar hüquqa uyğun prinsiplərə riayət etməli, həmçinin ikili standartlardan çəkinməlidir.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən Aİ sammitində iştirak edən BMT-nin baş katibi Antonio Quterreş bildirib.
O qeyd edib ki, həm HƏMAS-ın oktyabrın 7-də törətdiyi terror aktı, həm də Qəzzada misli görünməmiş sayda qurbanlar pislənməlidir.
"Biz ikili standartlar olmadan həm Ukraynada, həm də Qəzzada prinsiplərə əməl etməliyik", - Quterreş deyib.
O, həmçinin qlobal çağırışlarla bağlı BMT ilə sıx əməkdaşlığa görə Avropa İttifaqına təşəkkür edib.
Bundan əvvəl BMT-nin baş katibi Qəzza zolağında ən azı 1,1 milyon insanın ərzaq ehtiyatlarının tükəndiyini və fəlakətli aclıq təhlükəsi ilə üzləşdiyini bildirmişdi.
Ramil Zeynallı