Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin bölgələrdə təşkil etdiyi Aqrar Biznes Festivalları davam edir.
"Unikal" xəbər verir ki, növbəti festival Quba rayonunda təşkil olunub.
Festivalın açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sahənin ölkə iqtisadiyyatının əsas strateji sahələrindən biri olduğunu vurğulayıb. Bildirib ki, dünya iqtisadiyyatının qloballaşması şəraitində Azərbaycanda aqrar bölmənin sabitliyi və dünya kənd təsərrüfatı bazarına inteqrasiyası, ərzaq təhlükəsizliyinin təmini, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, ilk növbədə, səmərəli innovasiyaların tətbiqi ilə gerçəkləşə bilər. Ölkəmizdə də kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi ilə bağlı artıq çoxsaylı təcrübələr yaranıb.
Nazir qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə mütəmadi olaraq bölgələrdə təşkil edilən Aqrar Biznes Festivalları aqrar innovasiyalar və bu sahədə mövcud yeniliklərlə bağlı məlumatlandırmanı həyata keçirir. Bu festivallar kənd təsərrüfatı fəaliyyətinin maraqlı tərəfləri olan təchizatçı şirkətlərlə fermerləri bir araya gətirməyə, ikitərəfli əlaqələrin qurulmasına imkan verir. Festivallar zamanı aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə, maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün hər kəsə şərait yaradılır: "Festivallar təkcə fermerlərin ehtiyacları üçün nəzərdə tutulmuş texnoloji vasitələrin nümayişi məqsədi daşımır, burada müxtəlif kənd təsərrüfatı istehsal vasitələrinə əlçatanlıq təmin edilməklə yanaşı, maliyyə qurumlarının iştirakı ilə dövlət dəstəyi mexanizmləri və sahənin prioritet istiqamətləri barədə əlavə biliklər əldə edilir".
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov bildirib ki, 2023-cü ilin sentyabr ayında Quba şəhəri Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı nazirlərinin paytaxtı elan edilib. Qubanın Azərbaycanın ən böyük kənd təsərrüfatı rayonlarından biri olduğunu diqqətə çatdıran icra başçısı fermerlərin maarifləndirilməsi istiqamətində bu cür tədbirlərin əhəmiyyəti və aqrar sahəyə öz töhfəsini verəcəyini vurğulayıb.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bölgələrdə keçirilən Aqrar Biznes Festivallarında əməkdaşlıq imkanlarının geniş olduğunu, istehsalçılar və fermerlər arasında birbaşa əlaqə yaratdığını qeyd edib.
Daha sonra nazir Məcnun Məmmədov və Quba Rayon İcra hakimiyyətinin başçısı İlqar Mahmudov festivalda nümayiş olunan stendlərə baş çəkiblər.
Festivalda Kənd Təsərrüfatı Nazirliyinin və İqtisadiyyat Nazirliyinin tabeli qurumları, aqrar sahənin müxtəlif istiqamətləri üzrə istehsal və satış ilə məşğul olan şirkətlər təmsil olunublar.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun, İstehlak Mallarının Ekspertizası Mərkəzinin və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə keçirilən festivalda Quba-Xaçmaz iqtisadi rayonunun və ətraf bölgələrin fermerləri iştirak ediblər.
Quba “ASAN xidmət” mərkəzində keçirilən festivalda yüzlərlə fermer kənd təsərrüfatında mövcud yeniliklərlə tanış olub.
Kənd təsərrüfatı istehsalçılarının zəruri və müasir kənd təsərrüfatı texnikası ilə təchizatının yaxşılaşdırılması, məhsuldarlığın artırılması üçün kənd təsərrüfatı istehsalçılarının əkinçilikdə tələb olunan mineral gübrələrlə təmin edilməsi istiqamətində festivalda iştirak edən şirkətlər tərəfindən müxtəlif gübrə və pestisidlər, texnika və aqreqatlar, yeni texnologiyalar nümayiş edilib.
Festivalda bölgənin aqrar potensialının və perspektivinin müəyyən olunması və bölgəyə uyğun kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı aqrar sahədə ixtisaslaşmış şirkətlər öz uğurlu təcrübələrini, habelə təsərrüfatlarında tətbiq etdikləri innovativ texnologiyalar ilə bağlı məlumatları fermerlərlə bölüşüb.
Festival çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Azərbaycan Kənd Qadınları Assosiasiyasının qadın üzvləri öz məhsullarının nümayişini və satışını həyata keçirib.
Eyni zamanda, Qusar rayonu Gican kəndindən olan fermer Etibar Səfərova məxsus kələm əkini sahəsində baş verən sel-subasma hadisəsi nəticəsində dəyən zərərə görə sığorta ödənişi təqdim edilib.
Kənd təsərrüfatı məhsullarının nümayişi və satışı ilə yanaşı festivalda ən yaxşı qabaqcıl kənd təsərrüfatı təcrübələri barədə təlimlər keçirilib.
Həmçinin Aqrar Biznes Festivalı çərçivəsində cari ilin növbəti kredit yarmarkası təşkil olunub. Yarmarkada bank və bank olmayan kredit təşkilatları və festivalda iştirak edən digər maliyyə qurumlarının iştirakı ilə fermerlərə güzəştli kreditlərin verilməsi ilə bağlı məlumat verilib. Fermerlərin kreditlərlə bağlı sualları mütəxəssislər tərəfindən cavablandırılıb.
Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzi tərəfindən mütəmadi olaraq bölgələrdə təşkil edilən bu festivalların əsas məqsədi aqrar sahənin innovativ əsaslarla inkişaf etdirilməsi, texnoloji yeniliklərin təşviqi üzrə dəstək xidmətini həyata keçirmək və kənd təsərrüfatı məhsul istehsalçılarının innovasiyalara əlçatanlığının təmin edilməsidir.
Xatırladaq ki, Aqrar sahənin innovativ əsaslarla inkişaf etdirilməsi, aqrar innovasiyaların təbliği və təşviqi məqsədilə ötən il 14 rayonda festivallar keçirilib və bu festivallarda 12.000-ə yaxın fermer iştirak edib. Bu il isə 30 rayonda Aqrar Biznes Festivalları, 10 rayonda isə Toxum Sərgi Satış yarmarkalarının keçirilməsi nəzərdə tutulur.