ABŞ Ermənistanı Azərbaycanla yekun razılığa gəlməyə çağırıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu Brüsseldə jurnalistlərə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen Ermənistanın baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyasının rəhbəri arasında Belçika paytaxtında keçirilən üçtərəfli görüşün nəticələri barədə danışarkən deyib.

“Görüş Ermənistanda aparılan islahatlara həsr olunmuşdu, lakin biz təbii ki, İrəvanı sülh yolunda irəliləməyə və Azərbaycanla yekun razılığa gəlməyə çağırdıq”, - deyə ABŞ rəsmisi bildirib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması regional təhlükəsizliyi və rifahı təmin etmək üçün ən yaxşı yoldur. Xüsusilə, bu, Aralıq dənizi regionundan Mərkəzi Asiyaya yeni ticarət yolları açacaq.

Xatırladaq ki, aprelin 5-də Brüsseldə Ermənistan-Aİ-ABŞ formatında görüş keçirilib. 

Nuranə Abbasova