2023-cü ildə Hesablama Palatasının başa çatdırdığı kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə 562,5 milyon manatlıq maliyyə pozuntusu aşkar edilib.
"Unikal" xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı”da bildirib.
Sənədə əsasən, bunun 103,2 milyon manatı dövlət büdcəsinə vurulmuş zərər, 459,3 milyon manatı isə digər maliyyə pozuntularıdır.
Qurumun kollegiyası büdcə zərərinin 60,7 milyon manatının pul və natura şəklində bərpası, eləcə də əvəzləşdirilməsi istiqamətində təkliflər verib. Zərərin 28,8 milyon manatı əhaliyə sosial ödənişlərdən ibarət olduğundan onun bərpası istiqamətində tədbir müəyyən edilməyib, ödənişlərin bir qisminin dayandırılması barədə qərar verilib. 13,7 milyon manat zərər üzrə cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Digər maliyyə pozuntuları isə Vahid Büdcə Təsnifatına əməl olunmaması, satınalma prosedurlarının tətbiq edilməməsi, bu prosedurlardan yayınmaq məqsədilə müqavilənin qisimlərə bölünməsi, mal və xidmət alışının orta bazar qiymətindən baha əldə edilməsi nəticəsində dövlət vəsaitinə qənaət olunmaması, satınalmalar zamanı ehtimal olunan qiymətin ümumiyyətlə hesablanmaması, ilin sonunda qalığın büdcəyə silinməməsi, müşayiətedici sənədlərlə rəsmiləşdirilməyən elektron-qaimə fakturaların təqdim edilməsi və s. pozuntular olub. Bu pozuntulardan 34,9 milyon manat üzrə Palatanın kollegiyası birbaşa tədbir müəyyən edib, digər nöqsan və çatışmazlıqların da aradan qaldırılması məqsədilə kollegiya qərarı kənar dövlət maliyyə nəzarəti obyektlərinə və nəzarət tədbirinin predmeti ilə əlaqədar aidiyyəti tərəflərə göndərilib.
Kollegiyanın müəyyən etdiyi tədbirlər əvvəlki dövrdən qalan debitor borcların və məbləği artırılmış kreditor borcların bağlanılması, fiziki və hüquqi şəxslər üzrə artıq ödənişlərin gələcək hesablaşmalarda nəzərə alınması, akkreditiv hesabın bağlanması, müqavilə məbləğinin azaldılması, vəsaitin əsassız ödənilməsi hallarının araşdırılması, artıq ödənilmiş elektron qaimə-fakturanın ləğvi, qalığın büdcəyə qaytarılması və s. ilə bağlı olub.
2023-cü ildə aparılan uyğunluq auditləri üzrə nəticə formalaşdırmaq məqsədilə audit sübutları audit meyarları ilə müqayisə olunmuş, toplanmış sübutlar təhlil edilərkən peşəkar mühakimə tətbiq edilib, yetərli və müvafiq sübutların olub-olmadığı araşdırılıb, obyektiv təsəvvür yaratmaq üçün qiymətləndirmə prosesində bütün sübutlar, həmçinin audit obyektlərinin münasibəti nəzərdən keçirilib.