Britaniya və Fransa əsgərləri ilk dəfə Bukinqem sarayında keşikçilərin dəyişməsi mərasimində (Changing the Guard) rol dəyişiblər.

"Unikal" xəbər verir ki, bununla da fransız əsgərləri tarixdə ilk dəfə Bukinqem sarayını mühafizə etmiş olub.

Bu mərasim Fransa-Britaniya dostluq əlaqələri və “Entente Cordiale”nin 120 illiyinə həsr olunmuş addımdır. Səhhəti səbəbindən Kral III Çarlz mərasimdə iştirak edə bilməyib, lakin onu Edinburq hersoqu Şahzadə Edvard və xanımı Edinburq hersoginyası Sofi əvəzləyib. Həmçinin Fransanın Böyük Britaniyadakı səfiri Helene Duşen də mərasimi izləyənlər arasında olub. Britaniyalı əsgərlər də Parisdəki Yelisey Sarayının qarşısında prezident mühafizəsini təmin etmək üçün fransız əsgərlərə qoşulublar.

1904-cü ildə imzalanmış “Entente Cordiale” sazişi bu günə qədər Britaniya-Fransa ittifaqının təməli kimi qəbul edilir və iki ölkə arasında münasibətlərinin yaxşılaşdırılmasında xüsusi rol oynayıb.

Qeyd edək ki, keşikçilərin dəyişmə mərasimi Böyük Britaniyada Bukinqem sarayında və digər kral iqamətgahlarında keçirilən mərasim ənənəsidir. Bu, vəzifələrin bir qrup mühafizəçi əsgərdən digərinə rəsmi təhvil verilməsini nəzərdə tutur və həftədə bir neçə dəfə həyata keçirilir. Mərasimə adətən musiqi, marş və dəqiq xoreoqrafiya daxildir. Bu, tarixi və mədəni əhəmiyyətinə görə tez-tez turistləri cəlb edən davamlılıq və səlahiyyətlərin ötürülməsi simvolu hesab olunur.