Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda 2024-2025-ci illər üzrə ümumdaxili məhsul (ÜDM) artımının 2,8 faiz olacağını gözləyir.
"Unikal" trend-ə istinadən xəbər verir ki, son proqnoza əsasən, 2025-ci ildə ölkədə ÜDM artımı 2,3 faizədək ləngiyəcək.
Bundan başqa, BVF Azərbaycanın real iqtisadi artımının 2029-cu ilədək 2,4 faiz səviyyəsində sabitləşəcəyini gözləyir.
Qeyd edək ki, 2023-cü ildə ölkədə ÜDM 2022-ci illə müqayisədə 1,1 faiz artıb.
BVF həmçinin, dünya iqtisadiyyatının 2024 və 2025-ci illərdə də 2023-cü ildə olduğu kimi 3,2 faiz səviyyəsində artmağa davam edəcəyini proqnozlaşdırır. İnkişaf etmiş iqtisadiyyata malik ölkələrdə artım tempi bir qədər sürətlənərək 2023-cü ildəki 1,6 faizdən, 2024-cü ildə 1,7, 2025-ci ildə isə 1,8 faizə çatacaq. Lakin inkişaf etməkdə olan bazarlarda artım templəri bir qədər ləngiyərək 2023-cü ildəki 4,3 faizdən, 2024 və 2025-ci llərdə 4,2 faizə düşüb.