Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı ekoloji tədbirlərə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi də öz töhfələrini verməkdədir. Hər il yaz və payız mövsümlərində bu istiqamətdə genişmiqyaslı yaşıllaşdırma və abadlıq işləri görülür.
"Unikal" xəbər verir ki, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib. Aksiyada ADSEA-nın, Yasamal Rayon İcra Hakimiyyətinin, Yasamal bələdiyyəsinin rəhbərliyi və əməkdaşları iştirak edib.
Yaşıllaşdırma tədbirləri çərçivəsində MİDA yaşayış kompleksində, eləcə də Agentliyin idarə və müəssisələrində 1000-dən çox ağac əkilib. Həyata keçirilən aksiya zamanı ərazidə abadlıq işləri aparılaraq, yeni əkilən tinglər suvarılıb və digər ağaclara da aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu çərçivədə ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsi nəzərdə tutulur.