Bakı Sağlamlıq Mərkəzində ürək damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Vüsal Hacıyev tərəfindən icra olunan “Təkrar qalxan aorta disseksiyası” əməliyyatı barədə məqalə ABŞ-ın “American Journal of Case reports” jurnalında dərc edilib.
"Unikal" xəbər verir ki, əməliyyat üç il əvvəl keçirilən “Aorta-koronar şuntlama” əməliyyatından sonra qalxan aorta disseksiyası diaqnozu ilə təcili əməliyyat üçün müraciət edən xəstə üzərində icra olunub. Təkrar icra olunan əməliyyatların hər zaman riski birinci əməliyyata nisbətdə daha yüksəkdir. Ölüm riski ən yüksək olan disseksiya əməliyyatının təkrar - əməliyyat olaraq icrası və bununla yanaşı bağlanan tac damarlara yenidən şuntların qoyulması əməliyyat riskini və ondan sonrakı ağırlaşmaları qat-qat artırır. Dünya ədəbiyyatında bu tip əməliyyatların icrası ilə əlaqədar dəqiq texnika yoxdur. Ona görə, bütün məsuliyyət və planlama cərrah və komandasının üzərinə düşür. Həmin riskli əməliyyatını ürək-damar cərrahı Vüsal Hacıyev müvəffəqiyyətlə icra edib. Uğurla həyata keçirilən əməliyyatdan sonra xəstənin ürəyində olan problem aradan qaldırılıb və doqquzuncu günün sonunda xəstəxanadan evə buraxılıb.
Qeyd edək ki, tibb üzrə fəlsəfə doktoru Vüsal Hacıyev 2001-ci ildə dövlət proqramı çərçivəsində Çex Respublikasına tibb təhsili almaq üçün göndərilib. Tibb təhsilini bitirdikdən sonra 2022-ci ilədək Almaniyanın Berlin Ürək mərkəzi və digər aparıcı klinikalarında işləyib. Eyni zamanda, Berlində “Charite” tibb universitetində doktorantura təhsilini uğurla bitirib və tibb elmləri üzrə fəlsəfə doktoru adına layiq görülüb. V.Hacıyevin elmi işləri ABŞ və Avropanın müxtəlif konqresləri, konfransları və dəyirmi masalarında təqdim olunub, azərbaycanlı alimin məqalələrini aparıcı jurnallar dərc edib.