2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində mina hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyi birgə məlumat yayıb.
Bildirilib ki, ANAMA əməkdaşı 1981-ci il təvəllüdlü Quliyev Elçin Aydın oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarətlər alıb.
Xəsarət alan əməkdaşa “Sağ ayağın amputasiyası” diaqnozu qoyularaq, Agentliyin paramediki tərəfindən yerində ilkin tibbi yardım göstərilib və rayon xəstəxanasına təxliyyə olunub. Hal-hazırda vəziyyəti stabildir.
Faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır.