"Unibank" yaşıl maliyyələşmənin təşkili və ICMA standartlarına uyğun “yaşıl istiqrazlar”ın emissiyası istiqamətində, AIFC Yaşıl Maliyyə Mərkəzi (Astana Beynəlxalq Maliyyə Mərkəzi) ilə əməkdaşlığa başlayıb.
"Unikal" xəbər verir ki, bu əməkdaşlıq 2024-cü il üçün Bankın strateji inkişaf prioritetlərindən olan “ESG” (Ətraf mühit, Sosial və İdarəetmə) istiqaməti üzrə layihələrin həyata keçirməsinə imkan yaradacaq. Unibank bu strategiyanın reallaşdırılması istiqamətində "yaşıl layihələr”in dəstəklənməsinə xüsusi diqqət yetirir.
“Yaşıl istiqrazlar”ın emissiyası layihəsinin ikili əməkdaşlıq fonunda həyata keçirilməsində kapital bazarları istiqaməti üzrə konsultant və dəstəkçi qismində “Unicapital” İnvestisiya Şirkəti çıxış edəcək. “Yaşıl istiqrazlar”ın emissiyası Azərbaycanın maliyyə infrastrukturunun inkişafına töhfə verəcək və diqqəti ətraf mühitin mühafizəsinə yönəldəcək layihələrdəndir.
Beynəlxalq Kapital Bazarları Assosiasiyasının təsis etdiyi “yaşıl istiqrazlar” prinsiplərinə uyğun olaraq, emissiya vasitəsilə cəlb edilən vəsait ekoloji cəhətdən perspektivli layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.
Qeyd edək ki, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. İl çərçivəsində istər dövlət, istərsə də özəl strukturlar bu istiqamətdə yeni layihələrin reallaşdırılmasında irimiqyaslı və innovativ addımlar atır.
Belə layihələr qlobal təşkilatların da diqqət mərkəzindədir. İqlim dəyişiklikləri, eko sistemin pozulması və ekoloji çirklənmə kimi qlobal əhəmiyyətli problemlərin həllində dəstək göstərilməsi hər bir şəxsin mənəvi öhdəliklərindən hesab olunur.
Astana Beynəlxalq Maliyyə Mərkəzinin əsas fəaliyyət funksiyaları ölkənin iqtisadiyyatına investisiyaların cəlb olunmasına kömək göstərmək, maliyyə sahəsinin, o cümlədən fond bazarının inkişaf etdirilməsi və beynəlxalq kapital bazarlarına inteqrasiya olunmasıdır.
"Unibank" KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. 30 ildən artıq uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
"Unibank" - Sənin Bankın!