Xalq artisti Mehriban Zəki ilk dəfə Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ölümü ilə nəticələnən avtomobil qəzasından danışıb.
"Unikal"ın məlumatına görə, "Ötən günlər" verilişində qonaq olan aktrisa qəza anını belə xatırlayıb:
"Bu il boyu bu barədə danışmadım. Və mənə edilən zənglərdən imtina etdim. Heç bir televiziyada çıxıb bu barədə danışmadım. Yəqin ki, mən də çox böyük şok keçirdim. Hər gün bunu özümdə analiz edirdim. Əvvəla mən də böyük xəsrət almışdım. Fikirlərim bir qədər dağılmışdı. O günü yadıma salanda, o ki, maşın yoldan kənara çıxdı başımı qaldırıb "Oqtay, Oqtay!" deyə, onu çağırmağa başladım. Və anladım ki, Oqtay yoxdur. Dönüb ona baxmağa belə məqam yox idi. Sanki Oqtay susmağı ilə yenə mənə "heç bir problem yoxdur" dedi. İlk zərbədə huşumu itirdim. Özümə gələndə ilk Dilarənin səsini eşitdim, "Mehribanın üzü qandır, Oqtay, Oqtay!". Nə baş verdiyini dumanlı şəkildə xatırlayıram. Sonra sosial şəbəkələrdə o şəkillərə baxanda, "sağolsun" o insanlar. Bunlar naxoş olan şeylərdir. İnsanın qəzasını, faciəsini o şəkildə paylaşmazlar. Şəkillərə baxanda gördüyüm halım heç yadımda deyil. Xatırladığım, gözümü qaldırdım Oqtayı gördüm, yerdə uzanmışdı, sonra yenə huşumu itirdim. Hər dəfə gözümü açdıqca soruşurdum ki, "Dilarə , Oqtay necəsdir?" Cavab verirdilər, "Yaxşıdır hər şey. Ən pis vəziyyətdə olan sənsən". Mənə son ana qədər bunu demədilər. Oqtayın dünyasını dəyişdiyini səhəri gün bildim. Oqtay buna rəğmən o susqunluğu ilə yenə də sanki "Problem yoxdur" deyirdi. Dilarənin bir sözü də yadımdadır, "Onun üzünə baxanda xoşbəxt ifadə var idi". Allah ona rəhmət etsin. Onu yalnız xoş xatirələrlə anırıq. Və Oqtay, problem yoxdur!".
Onun çıxışı zamanı O.Əliyevin həyat yoldaşı Əməkdar artist Dilarə Əliyeva göz yaşlarına hakim ola bilməyib.
Qeyd edək ki, O.Əliyev ötən il martın 22-də avtomobil qəzasında dünyasını dəyişib. Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olub. D.Əliyeva xəsarət almayıb, M.Zəki isə müalicədən sonra evə buraxılıb.