Mayın 13-ü saat 16:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir.

Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Daşkəsən, Gədəbəy, Göygöl, Ağstafa, Balakən, Şəki, Zaqatala, Qax, Oğuz, Qəbələ, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Yevlax, Göyçayda yağış, Şahdağda qar yağır.

Şimal-qərb küləyi arabir güclənib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, Sabirabadda 17 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Naxçıvan MR-da 20-24, Aran rayonlarında 15-17, dağlıq rayonlarda 7-12 dərəcə isti olub.

***13:01

Mayın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-8° isti olacaq.