Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Beynəlxalq Aykido Federasiyasının (BAF) sədri, məşhur aykido ustası Cerard Vilko Vriesman (Gerard Wilko Vriesman), Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin sədri İlham Quliyev və birliyin nümayəndələri ASAPES-in İdman işləri üzrə prorektoru Fərid Mansurov və akademik heyəti ilə görüşüb.
"Unikal" xəbər verir ki, görüşdə BAF-ın ASAPES və Azərbaycan Aykikay Aykido İctimai Birliyi ilə əməkdaşlıq perspektivləri müzakirə olunub. Akademiyanın prorektoru Fərid Mansurov qonaqlara ASAPES-in hazırkı və gələcək fəaliyyət planları haqqında məlumat verib.
Akademiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə akademiyada son illər aparılan təhsil islahatları, xarici universitetlərlə olan əməkdaşlıqlar və ASAPES-də fəaliyyət göstərən peşəkar, əcnəbi mütəxəssislər barədə danışıb.
BAF-ın sədri 7-ci dan sahibi Vilko Vriesman Azərbaycana səfərinin məqsədləri barədə danışaraq ölkəmizdə bu idman növünün inkişafına töhfə vermək istədiyini və bunun üçün lazımi tədbirlər görüləcəyini bildirib.