Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2024-cü ilin I rübünün sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 9 598 İİV-lə yaşayan ölkə vətəndaşı rəsmi qeydiyyatdadır. Onlardan 6 668-si (69,5 faiz) kişi, 2 930-u (30,5 faiz) qadındır.

"Unikal" xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova bildirib.

G.Cəfərova deyib ki, ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkarlandığı vaxtdan 2024-cü ilin birinci rübünün sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzinin qeydiyyata götürdüyü ölkə vətəndaşlarından 32,4 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 56,4 faizində heteroseksual, 5,6 faizində homoseksual kontakt nəticəsində, 1,4 faizində anadan uşağa keçməklə baş verib. 4,2 faizində yoluxma yolu müəyyənləşdirilməyib.

Qeyd edək ki, dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizəyə baxmayaraq, onun xüsusən də, Şərqi Avropa və Mərkəzi Asiya (ŞAMA) regionunda yayılması davam etməkdədir. Azərbaycanda bu infeksiya əsasən yoluxmaya yüksək riskli qruplar arasında yayılıb.