"Gün ərzində Bakı şəhərinin yollarında baş verən qəzaların araşdırması onu deməyə əsas verir ki,sürücülər sürət həddinə düzgün nəzarət etmir".

"Unikal" xəbər verir ki, bunu Bakı şəhər DYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli sürücülərə müraciətində deyib.

"Sanki, sükan arxasında olan sürücü yalnız radarların və digər texniki qurğuların olduğu yerlərdə məsuliyyətini qəbul edir. Bu da aydındır ki, inzibati protokoldan yayınmaq məqsədini güdür. Əks halda isə surət rejimini, digər qayda pozuntularını heçə sayaraq piyadalara, eləcədə yollardakı digər nəqliyyat vasitələrini idarə edən bütün hərəkət iştirakçılarına ciddi təhlükə yaradır.

Nədənsə, bəzi sürücülər qanunun tələbini onun mahiyyəti üzrə dürüst formada qəbul edib təhlükəsizliyi təmin etmək əvəzinə sanki özlərini aldatmağı və bu təhlükəli davranışları yalan üzərində qurmağı üstün tutur. Hesab edir ki, polisi və özünü aldatdısa, deməli sonu qeyri-müəyyən olan məqsədinə çatdı. Yol hərəkəti qayda pozuntularının isə əsasını təşkil edən məhz surət həddini aşmaqdır ki, bu isə hər gün kiminin malına, kiminin sağlamlığına, kiminin isə həyatına son qoyur.

Cərimələrdən yayınmaq təfəkkürü ilə yaşamaq isə məsuliyyətdən azad olmaq deyil. Ən böyük məsuliyyət özünə və ətrafa qarşı münasibətdə, şüurunda, vərdişində və nəticədə həyat tərzində köklü dəyişiklik etməkdir. Sükan arxasında heç kim özünü aldadıb sonrakı peşmançılıqlarına təsəlli vermək üçün qəza və qədər kimi sözlərlə məsuliyyətsizliyinə bəhanələr uydurub özünə təskinlik, qurbanlarına isə təsəlli kimi sonrakı peşmançılğını təqdim etməyə çalışmasın, çünki bəzi hadisələr qəza yox, seçimdir. Seçim isə hər kəsin öz əlindədir", - deyə o bildirib.