Mayın 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada keçirilən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında iştirak ediblər. Festivalda maraqlı anlar yaşanıb. Bunlardan biri də qoşanağara ustası, Xalq artisti Sadıq Zərbəliyevin Prezident İlham Əliyevə məktub verməsi olub.

Məsələ ilə bağlı "Unikal"a danışan Sadıq Zərbəliyev məktubda Prezidentə nə ilə bağlı müraciət etdiyini açıqlayıb:

"Ümummilli Lider Heydər Əliyev mənə Əməkdar artist olmadan birbaşa Xalq artisti adı verib. Prezident İlham Əliyevə yazdığım məktubda mənə "Şöhrət" ordeninin verilməsi ilə bağlı məsələni qeyd etmişəm. Belə ki, mən bir neçə il əvvəl bu məsələ ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmişdim. Həmin vaxt Mədəniyyət Nazirliyindən cavab gəldi ki, Heydər Əliyev sizə birbaşa Xalq artisti adı verib, "Şöhrət" ordeni məsələsi nəzərə alınacaq. Sonra pandemiya düşdü ortaya və məsələ belə də qaldı. 

Bir müddət əvvəl mədəniyyət naziri Adil Kərimli dedi ki, yanıma gələrsən. Bir dəfə getdim, olmadı, sonra getmədim. Mən bu barədə başqa adamlardan xahiş etməyi xoşlamıram. Ona görə də birbaşa Prezident İlham Əliyevə müraciət etdim. 

Həmçinin, başqa şəxsi problemlərim də var. Onları da məktubda yazmışam. Hazırda həmin problemləri açıqlamaq istəmirəm.

Oğlum isə Prezidentin Təhlükəsizlik Xidmətində çalışır. Onunla bağlı da Şuşada Bəylər müəllimlə danışdım", - deyə o qeyd edib.

Murad İbrahimli