UNEC-də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Miqrasiya" dərsliyinin ilk təqdimatı keçirilib.

"Unikal" xəbər verir ki, UNEC Xanım Tədqiqatçılar Şurası, Miqrasiya Siyasətinin İnkişafı üzrə beynəlxalq mərkəz və Kitabxana İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə (ICMPD) keçirilən təqdimat mərasimində çıxış edən elm və innovasiyalar üzrə prorektor dos. Fariz Əhmədov miqrasiya sahəsində çap olunan ilk kitabın təqdimatının UNEC-də keçirilməsinin sevindirici hal olduğunu vurğulayıb.

Prorektor UNEC-də əcnəbilərin sosial inteqrasiyası məqsədilə təşkil olunan tədbirlər, UNEC Tədqiqat Mərkəzlərində miqrasiya və təhlükəsizlik, iqlim dəyişikliyi, gender məsələləri istiqamətində aparılan tədqiqatlar barədə məlumat verib. O, azərbaycan və ingilis dillərində çap olunmuş “Miqrasiya” kitabının UNEC-də sosial iş fənninin tədrisində, eləcə də qloballaşan dünyada fənlərarası aspektdə yanaşılan miqrasiya üzrə tədqiqatların və maarifləndirmənin genişləndirilməsi istiqamətində faydalı olacağını vurğulayıb.

Sonra Miqrasiya siyasətinin inkişafı üzrə beynəlxalq mərkəzin Bakı ofisinin direktoru Səltənət Məmmədova  çıxış edərək, kitabın miqrasiya sahəsi üzrə mütəxəssislərin hazırlanması və digər istiqamətlərdə verəcəyi töhfələrdən danışıb. Miqrasiya üzrə təlim və seminarların keçirilməsində, əcnəbilərin daha səmərəli inteqrasiyası prosesində UNEC-lə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

UNEC Xanım Tədqiqatçılar Şurasının rəhbəri, kitabın həmmüəllifi Nərgiz Hacıyeva, ICMPD-nin Layihələrin idarə edilməsi üzrə məsul əməkdaşı, UNEC XTŞ-nın tədqiqatçısı Lamiya Rzayeva-Əhmədli, digər həmmüəlliflər Aygül Abbaszadə, Fuad Çıraqov kitabın fəsilləri barədə ətraflı məlumat verdikdən sonra tədbir müzakirələrlər davam edib.

Sonda kitab müəlliflər təfərindən imzalanaraq, iştirakçılara hədiyyə olunub.