Xəbər veridyimiz kimi, Belarus Respublikasının Baş nazirinin müavini İqor Petrişenko Azərbaycanda səfərdədir.
“Unikal”ın məlumatına görə, dünən Baş nazir Əli Əsədov İqor Petrişenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Həmin görüşdə ölkəmizin Belarusdakı səfiri Məhərrəm Əliyev də iştirak edib.
Bu gün isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev ölkəmizdə səfərdə olan Belarus Respublikasının Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb. Lakin bugünkü görüşdə Məhərrəm Əliyev iştirak etməyib. Səfirin Azərbaycanda ola-ola görüşdə iştirak etməməsi isə diqqət çəkib.
Məsələylə bağlı “Unikal”a açıqlama verən sabiq Xarici işlər naziri Elmar Məmmədyarov M.Əliyevin adını çəkməsə də, deyib ki, ölkəmizdə səfərdə olan hər hansı bir dövlətin yüksək vəzifəli şəxsləri ilə görüşdə səfirimizin iştirakı vacibdir: “Dövlət rəsmilərinin görüşündə səfirlər də iştirak edir. Çünki hansısa məsələ ilə bağlı ondan arayış tələb oluna bilər. Həm də görüş zamanı səfirin ətraflı məlumat almaq imkanları da yaranır. Ona görə də əgər səfir Azərbaycandadırsa, onun həmin ölkədən gələn dövlət rəsmiləri ilə görüşdə iştirakı zəruridir”.
Qeyd edək ki, Məhərrəm Əliyev Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb.
Seymur Əli