Bakıda metrostansiyaların birində hərəkətdə olan qatarın vaqonlardan birinin açıq qalması ilə bağlı görüntülər yayılıb. 

Sözügedən görüntü ilə bağlı "Unikal"a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, məsələ araşdırılır:

"Sosial mediada yayılmış videogörüntülərlə bağlı bildiririk ki, vaqonlararası keçid qapılarına, eləcə də kənar əşyalar və digər məsələlərlə bağlı sonuncu stansiyalarda, xüsusən müvafiq yoxlama şəraiti olan "Həzi Aslanov" stansiyasının dalan yolunda maşinist tərəfindən qatara vizual baxış keçirilir.

Lakin sərnişinlərin bu qapıları qatar yollarda hərəkət edərkən açması hallarına rast gəlinir. Bununla bağlı hazırda müvafiq araşdırma aparılır.

Sərnişinlərdən xahiş edirik ki, bu kimi hallarla rastlaşdıqda maşinistə vaqondakı rabitə vasitəsilə maşinistə və yaxud stansiyalarda olan əməkdaşlara məlumat verilsin. Metropolitendən istifadə edərkən, təhlükəsizlik tələblərinə, istifadə qaydalarına əməl olunması və ictimai asayişin pozulmaması naminə bu kimi halların qarşısının alınmasında məhz sərnişinlərdən daxil olan məlumatların xüsusi əhəmiyyəti var.

Sərnişinlərimizdən təhlükəsizliklə bağlı məsələlərdə hər bir sərnişin naminə fəal olmağı rica edirik".

Nuranə Abbasova