Sabah güclü külək olacaq.

"Unikal"  xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti Sarı xəbərdarlıq yayıb.

Xəbərdarlıqda qeyd edilib ki, küləyin sürəti 13.9-20.7 m/san (7-8 bal) gücündə olacaq. Bu cür külək ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka ziyan üçün orta risk təşkil edir.

Qeyd edək ki, küləkli hava şəraiti ilə bağlı "Rəng Xəbərdarlıq Sistemi” bu gündən www.meteo.az saytı (https://meteo.az/index.php?ln=az&pg=443) vasitəsilə əhaliyə çatdırılır.

*** 13:01

Mayın 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Səhər yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu gecə 11-13° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə və gündüz 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 17-22° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.