Türk dövlətlərinin cari ilin sonuna qədər 1,9 trilyon dollarlıq iqtisadi böyüməsi və 178 milyon əhali sayına çatması ilə dünya iqtisadiyyatında mühüm yer qazanacağı gözlənilir. Türk İnvestisiya Fondunun yaradılmasında ən böyük məqsədimiz türkdilli dövlətlər arasında iqtisadi və ticarət əlaqələrinin inkişafını təmin etməkdir.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek fondun İstanbulda keçirilən açılış mərasimində bildirib.

Nazir qeyd edib ki, Türk İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır.

“Bu maliyyə qurumu həm dövlət, həm də özəl sektorun investisiyalarını sürətləndirəcək, eləcə də kiçik və orta biznesin inkişafı, bərpaolunan enerji, kənd təsərrüfatı, turizm kimi bir çox sahələrdə investisiyaların artırılmasında mühüm rol oynayacaq, davamlı iqtisadi inkişafa töhfə verəcək”, - deyə türkiyəli nazir vurğulayıb.

Fondun yüksək standarta cavab verən beynəlxalq maliyyə qurumu olmasını hədəflədiklərini vurğulayan M.Şimşek qurumun təşkilati strukturu, qərar qəbuletmə mexanizmləri, insan resursları, risklərin idarə edilməsi, monitorinq və audit funksiyaları ilə hər aspektdə beynəlxalq təcrübəyə uyğun fəaliyyət göstərəcəyini deyib.

Nazir tədbir çərçivəsində fondla bağlı “Ev Sahibi Ölkə Sazişi”nin imzalanacağını diqqətə çatdıraraq Macarıstanın Türk İnvestisiya Fonduna üzv olmaq istəyini məmnuniyyətlə qarşıladıqlarını qeyd edib və fond fəaliyyətə başladığı zaman Macarıstanın üzvlük prosesinin başa çatdırılmasının gündəmdə olacağını deyib.

Tədbirdə çıxış edən Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev bu maliyyə qurumunu ölkələr arasında iqtisadi münasibətləri, əlaqələri və davamlı inkişafı təşviq etmək baxışı kimi qiymətləndirib. Fondun etimad, əməkdaşlıq və ortaq rifaha əsaslanan daha parlaq gələcəyə doğru birgə çalışmaq əzminin sübutu olduğuna diqqət çəkən Amreyev onun inkişaf layihələrini maliyyələşdirməklə yanaşı, investisiyaların cəlb edilməsində təsirli bir vasitə olacağını vurğulayıb.

Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxışında ölkəmizin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın artırılmasına böyük əhəmiyyət verdiyini, təşkilata üzv ölkələrlə hər sahə üzrə əməkdaşlığın gücləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd edib.

TDT-yə digər üzv ölkələrin nümayəndələri də fondun fəaliyyətinin əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, Türk İnvestisiya Fondu Türk Dövlətləri Təşkilatı nəzdində Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tərəfindən yaradılıb.