Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunun Yuxarı Tala kəndində Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış Məhərrəm Əsgərovun ailəsini ziyarət edib.
"Unikal" xəbər verir ki, ziyarət zamanı şəhidimizin əziz anası Mərcəmət ananın vəfatı münasibətilə ailəsinə dərin hüznlə başsağlığı verilib, onun əziz xatirəsi ehtiramla yad olunaraq ruhuna dualar oxunub. Bildirilib ki, şəhid ailələri xalqımızın ən böyük mənəvi dəyəri, dövlətimizin daim xüsusi diqqət və qayğı ilə əhatə etdiyi müqəddəs ailələrdir.
Görüş zamanı şəhidimizin qardaşı Vüqar Əsgərovun müraciəti də dinlənilib. Qaldırılan məsələ millət vəkilinin səlahiyyətləri çərçivəsində araşdırılaraq nəzarətə götürülüb.
Daha sonra millət vəkili Asif Əsgərov növbəti vətəndaş qəbulunu Zaqatala rayonunun Bəhmətli kəndində keçirib.
Qəbulda Bəhmətli kəndinin sakinləri ilə yanaşı, ətraf yaşayış məntəqələrindən gələn vətəndaşlar da iştirak edərək onları narahat edən məsələləri deputatın diqqətinə çatdırıblar. Görüşdə Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, kənd icra nümayəndəsi və bələdiyyə sədri də iştirak ediblər.
Vətəndaşların müraciətləri əsasən kommunal xidmətlərin təşkili, kənddaxili yolların vəziyyəti, torpaq məsələləri, məşğulluq və digər sosial problemlərlə bağlı olub. Millət vəkili hər bir müraciəti diqqətlə dinləyərək qaldırılan məsələlərin bir hissəsinə yerində hüquqi izahat və müvafiq tövsiyələr verib, həlli mümkün olan bəzi müraciətlər operativ şəkildə yerində öz həllini tapıb. Səlahiyyət çərçivəsindən kənarda olan məsələlərin isə aidiyyəti qurumlara yönləndirilib və icrası nəzarətə götürülüb.
Qəbul zamanı daxil olmuş müraciətlər əsasında aztəminatlı ailələrə maddi yardım göstərilib.
Asif Əsgərov bildirib ki, vətəndaşların müraciətlərinin dinlənilməsi, problemlərinin yerində öyrənilməsi və onların həlli istiqamətində ardıcıl tədbirlərin görülməsi deputat fəaliyyətinin əsas istiqamətlərindən biridir və bu görüşlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Görüşün sonunda vətəndaşlar, şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.Eyni zamanda ölkə başçısının sakinlərin problemlərinin həlli istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyətə görə təşəkkürlərini bildiriblər.














































