Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Lerik rayonuna səfəri çərçivəsində təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.
"Unikal" xəbər verir ki, nazir əvvəlcə Tatoni və Kələxan kəndlərində Oktay Rəhimovun təsərrüfatlarında olub. Bildirilib ki, Tatoni kəndində 1 hektar sahədə çiyələk əkilib. Fermer çiyələyin becərilməsi, məhsul istehsalının artırılması, aqrotexniki tədbirlər, məhsulun yığımı, qablaşdırma, daşıma barədə geniş məlumat verib. Qeyd olunub ki, bu sahənin inkişafı il boyu aqrar sahədə məşğulluğun təmin olunmasına, fermerlərin gəlirlərinin artmasına müsbət təsir göstərir.
Daha sonra fermerin 2 hektarlıq kartof əkini sahəsinə baxış keçirilib. Fermer kartofçuluğun rayonda əsas gəlir mənbələrindən biri olduğunu, daxili bazarda tələbatın artması səbəbindən əkin sahələrinin genişləndirildiyini bildirib. Görüşdə yüksək reproduksiyalı toxum materialından istifadə, suvarma, gübrələmə, bitki mühafizə tədbirləri, eləcə də məhsuldarlığın artırılması istiqamətində görülən işlər müzakirə olunub. Məcnun Məmmədov kartof istehsalında müasir texnologiyaların və elmi yanaşmaların tətbiqinin əhəmiyyətini vurğulayıb.
Nazir Kələxan kəndində yerləşən 3,1 hektar pomidor əkin sahəsinə də baş çəkib. Burada məhsulun vegetasiya vəziyyəti, suvarma rejimi, bitkilərin qidalanması, xəstəlik və zərərvericilərə qarşı aparılan mübarizə tədbirləri ilə tanış olub. Fermer məhsulun keyfiyyətinin yüksəldilməsi və bazar tələblərinə uyğun istehsalın təşkili istiqamətində görülən işlər barədə məlumat verib.
Daha sonra Məcnun Məmmədov Veri Əliabad və Piran kəndlərində istixana təsərrüfatı ilə məşğul olan fermer Fəxrəddin Talıbova məxsus təsərrüfatla tanış olub. Bildirilib ki, fermerə məxsus ümumilikdə 2,6 hektar ərazidə 75 istixana fəaliyyət göstərir. Bunlardan 8-də gül, 63-də pomidor, 4-də isə kələm becərilir.
Baxış zamanı istixanalarda becərilən kələm və pomidorun inkişaf mərhələsi, damcı suvarma sistemi, bitkilərin qidalanması, iqlimə nəzarət, bitki mühafizəsi tədbirləri, məhsulun yığımı və bazara çıxarılması prosesi barədə məlumat verilib. Daxili bazarın keyfiyyətli tərəvəz məhsulları ilə davamlı təminatında istixana tərəvəzçiliyinin mühüm rol oynadığı bildirilib. Görüşdə innovativ texnologiyaların tətbiqinin, resurslardan səmərəli istifadənin və aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsinin məhsulun keyfiyyətinin, məhsuldarlığın və istehsalın səmərəliliyinin artırılmasına mühüm töhfə verdiyi vurğulanıb.
Məcnun Məmmədov daha sonra Veri Əliabad kəndində dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən qərənfil istixanalarında olub. Qeyd olunub ki, 8 istixanada ümumilikdə 180 min ədəd qərənfil yetişdirilir. Fermer dekorativ bitkilərin becərilməsi, iqlimə nəzarət sistemləri, məhsulun saxlanması və satış bazarları barədə məlumat verib. Görüş zamanı dekorativ bitkiçiliyin inkişaf perspektivləri, ixrac imkanları və innovativ texnologiyaların tətbiqinin istehsalın səmərəliliyinə təsiri ətrafında fikir mübadiləsi aparılıb.
Fermerlərlə görüş zamanı nazir Məcnun Məmmədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas məqsəd və prioritetləri, aqrar sahədə nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, eləcə də fermerlərin müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi, bu istiqamətdə dövlət dəstəyi tədbirləri barədə geniş məlumat verib.










































