Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Unikal" xəbər verir ki, ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev dövlət başçıları səviyyəsində və digər səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsinə töhfə verdiyini qeyd etdi. Azərbaycan Prezidenti parlamentlərarası əməkdaşlığın önəminə toxundu.
Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından sonra regionda sülh üçün tarixi imkanlar yaranıb. Azərbaycan Prezidenti Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə toxunaraq, onun hər hansı nəticəyə hasil olmadığını, o zaman ərazilərimizin işğalının davam etdiyini vurğuladı. Hazırda isə sülh gündəliyinin irəli aparılması üçün çox yaxşı və əlverişli imkanların olduğunu deyən dövlətimizin başçısı sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində də ikitərəfli proses çərçivəsində müsbət razılaşmaların əldə olunduğunu qeyd etdi.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan bu münaqişəni həll etdi. Beləliklə, beynəlxalq münasibətlərdə bir münaqişə öz həllini tapıb. Lakin, buna baxmayaraq, təəssüf doğuran haldır ki, dünyada yeni münaqişə ocaqlarının formalaşması baş verməkdədir.
Dövlətimizin başçısı Dayqa Mierinanın Qarabağa səfərinə də toxundu.
Latviya Seyminin sədri Qarabağa səfər etmək üçün onlara imkan yaradıldığını deyərək Şuşada və Qarabağın digər yerlərində olduqlarını məmnunluqla vurğuladı.
Qonaq ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illik müddəti əhatə etməsinə baxmayaraq, xalqlarımız arasında mədəni əlaqələrin tarixinin daha dərin köklərinin olduğunu dedi. Bu xüsusda o, 100 ildən də əvvəl latviyalı rəssam Yulie Straumenin Şuşada yaşadığını və orada müəllim işlədiyini, həmçinin onun Şuşada Azərbaycan xalçalarının kolleksiyasını yaratdığını məmnunluqla xatırladı.
Dayqa Mierina COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi, COP29-da iştirak etmək üçün Latviya Prezidentinin də ölkəmizə səfər edəcəyini dedi.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əlaqələrdən və qarşılıqlı dəstəkdən məmnunluq bildirildi. Latviyanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinin dəstəklənməsinə görə Azərbaycana bir daha minnətdarlıq ifadə olundu. Azərbaycan ilə Avropa İttifaqı və NATO arasında əməkdaşlığa Latviyanın göstərdiyi dəstək və ölkəmizin Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyinə töhfəsi yüksək qiymətləndirildi. Orta Dəhlizin inkişaf etdirilməsində Azərbaycanın rolu və region dövlətləri ilə birgə fəaliyyəti qeyd olundu.
Söhbət zamanı ölkələrimiz arasında kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu, Latviyanın kənd təsərrüfatı sahəsində çox yaxşı təcrübəsinin olduğu bildirildi və bu sahədə Azərbaycan ilə əməkdaşlığa maraq ifadə edildi.